Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycandan ötən həftə 641 əcnəbi çıxarılıb.
Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, ötən həftə ərzində 698 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Onlardan 57 nəfəri cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 611 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 30 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ötən həftə Xidmət tərəfindən ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində pozuntu halları aşkar edilmiş 7 sahibkarlıq subyekt ilə bağlı müvafiq qərarlar qəbul edilib.