Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/
Nəqliyyat Nazirliyinin və nazirliyin tabeli qurumlarının 2012-ci ildə fəaliyyətinə dair hesabat açıqlanıb.
Trend-in məlumatına görə, hesabatda göstərilir ki, ötən il avtomobil nəqliyyatı vasitəsilə 118,1 milyon ton yük, 1417,4 milyon sərnişin daşınıb ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 7,6 faiz və 8,7 faiz çoxdur.
Ötən il ərzində 200 iri tutumlu və 250 orta tutumlu, cəmi 450 yeni avtobus istismara buraxılıb.
Bu dövr ərzində sərnişin və yük daşımaları həyata keçirən nəqliyyat vasitələrinə verilmiş 299 271 ədəd fərqlənmə nişanlarına görə dövlət büdcəsinə 7,3 milyon manat vəsait ödənilib, avtomobil daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə 565 lisenziya verilib və dövlət büdcəsinə 86,1 min manat vəsait ödənilib. Verilmiş lisenziya kartlarının sayı isə 2219 ədəd təşkil edib. Bu dövrdə avtomobil daşımalarında istifadə edilən nəqliyyat vasitələrinin reysqabağı texniki müayinəsindən 851 min manat məbləğində vəsait əldə edilib.
Beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün 30 ölkənin nəqliyyat qurumları ilə 2012-ci il nümunəli 46 850 ədəd "İcazə" mübadiləsi aparılıb. "İcazə"lərin verilməsindən 466,5 min manat vəsait dövlət büdcəsinə ödənilib. Azərbaycan Respublikasında qeydiyyatda olan avtomobil daşıyıcılarının başqa ölkələrə getmələri üçün verilmiş mübadilə edilən xarici "İcazə"lərdən yük avtomobil daşıyıcıları tərəfindən 240 881 manat, sərnişin avtomobil daşıyıcıları tərəfindən 9 639 manat, "Avropa Nəqliyyat Konfransı"nın jurnallarının satışından 215 933 manat, cəmi 466 453 manat məbləğində dövlət rüsumu ödənilib.
Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar mövcud olan marşrut xətlərində dəyişikliklər edilərək 217 sayda marşrutun optimallaşdırılmasından sonra 174 sayda marşrutun saxlanması nəzərdə tutulub. Marşrutlar üçün pasport nümunəsinin və sxemlərinin elektron xəritəsinin hazırlanması ilə bağlı müvafiq işlər görülüb. Hazırda Bakı şəhər marşrutlarında cəmi 2321, o cümlədən 1423 iri tutumlu, 985 orta tutumlu və şəhərətrafı marşrutlarda 13 kiçik tutumlu avtobuslar istismar olunur.
Dayanacaqların quraşdırılması ilə bağlı aidiyyəti qurumlarla birgə işlər aparılıb. Nəzərdə tutulmuş 664 dayanacaqdan 640-ı quraşdırılıb, qalan 24 dayanacağın quraşdırılması isə şəhərdə gedən tikinti işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvəqqəti olaraq dayandırılıb. Dayanacaqlarda sərnişinlərin təhlükəsizliyi üçün vacib olan 61 "cib" inşa edilib və bu işlər davam etdirilir.
Şəhərin bir çox yerlərində yaradılması nəzərdə tutulmuş müasir taksi dayanacaqları üzrə 79 dayanacağın ünvanları sxematik olaraq tərtib olunub və müvafiq sənədlər aidiyyəti orqanlarla razılaşdırılaraq pasportlaşdırılıb. Əlavə taksi dayanacaqlarının yaradılması üçün sənədlər hazırlanır. Taksi xidmətinin müasir standartlar səviyyəsində təşkili üçün şəhərin taksi parkının yeniləşməsi istiqamətində işlər görülüb.
Bakıda müasir taksi xidmətinin təşkili məqsədilə 1000 ədədi TX4 markalı (London Taksi) taksi minik avtomobilləri olmaqla 1203 ədəd taksi minik avtomobilləri gətirilərək istismara verilib. Bu taksilərə sayğac quraşdırılıb, taksi sürücüləri vahid geyim forması ilə təmin edilib.