...

Azərbaycanda qan xəstəliyindən əziyyət çəkənlərlə bağlı yeni layihənin icrasına başlanılıb

Cəmiyyət Materials 12 Fevral 2013 14:40 (UTC +04:00)
Azərbaycanda qanda laxtalanma faktorlarının çatışmazlığından, o cümlədən hemofiliya xəstəliyindən əziyyət çəkən insanlarla bağlı yeni layihənin həyata keçirilməsinə başlanılıb.
Azərbaycanda qan xəstəliyindən əziyyət çəkənlərlə bağlı yeni layihənin icrasına başlanılıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qanda laxtalanma faktorlarının çatışmazlığından, o cümlədən hemofiliya xəstəliyindən əziyyət çəkən insanlarla bağlı yeni layihənin həyata keçirilməsinə başlanılıb.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova çərşənbə axşamı Trend-ə bildirib ki, İsveçrənin Novo-Nordisk Hemofiliya Fondu ilə "Azərbaycan regionlarında vətəndaşlara xidmətin təkmilləşdirilməsi" layihəsinin icrası ilə bağlı razılaşma müqaviləsi imzalanıb. Layihə 1 il 6 ay davam edəcək. Bu müddətdə Gəncə və Şirvanda regional laborator diaqnostik mərkəzləri yaradılacaq, hematoloq-həkimlər təkmilləşdiriləcək, xəstələr maarifləndiriləcək. Layihənin ümumi dəyəri 90 min avrodur. Həmin vəsaitin əsas hissəsi laborator avadanlıqların alınmasına sərf ediləcək.

Hüseynova deyib ki, Şirvan və Gəncədə daha çox hemofiliya xəstəsi olduğu üçün ilk növbədə həmin yerlərdə mərkəzlərin yaradılması planlaşdırılır. Gəncədəki mərkəzdən ətrafdakı 13, Şirvandakı mərkəzdən isə 9 rayonun xəstələri istifadə edə biləcək. Bu mərkəzdən yalnız hemofiliyalı xəstələr deyil, qan xəstəliyi olan insanlar da faydalana biləcəklər.

Assosiasiya rəhbərinin sözlərinə görə, bu mərkəzdə yalnız hemofiliyalı xəstələr deyil, qan laxtalanmasından əziyyət çəkən xəstələr də laborator müayinə vasitəsilə xəstəliklərini daha dəqiq müəyyən edə biləcəklər. Hazırda isə bu imkan Azərbaycanda yalnız Respublika Klinik Xəstəxanasında var.

Hüseynova qeyd edib ki, layihə ilə maraqlanmaq məqsədilə fevralın 18-dən 21-dək İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun eksperti Denize İnayxen Azərbaycanda səfərdə olacaq. O, səfər müddətində Səhiyyə Nazirliyinin məsul şəxsləri ilə görüşəcək. Eyni zamanda, Şirvanda mərkəzin yaradılacağı ərazi ilə tanış olacaq.

Assosiasiya rəhbəri deyib ki, layihə uğurla həyata keçirilərsə, adıçəkilən fond Azərbaycanda Genetik molekulyar laboratoriyanın da yaradılmasına kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti