...

BMT QAK Azərbaycan hökumətinə qaçqın və sığınacaq axtaran şəxslərin işə qəbulu zamanı tələb olunan dövlət rüsumumun ləğvini təklif edib

Cəmiyyət Materials 18 Mart 2013 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi ölkə hökumətinə qaçqın və sığınacaq axtaran şəxslərin işə qəbulu zamanı tələb olunan dövlət rüsumumun ləğvini təklif edib.

Bunu bazar ertəsi Trend-ə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, qaçqın və sığınacaq axtaran şəxslərin əsas problemləri mənzil və iş təminatı ilə bağılıdır. Ancaq işəgötürənlər əcnəbi şəxslər olduqları üçün onları işə qəbul etmək istəmirlər. Çünki onda həmin şəxsləri işə qəbul etdikləri üçün dövlətə rüsum ödəməlidirlər. Buna görə də qanunvericilikdə işə qəbul zamanı onlarla əcnəbilər arasında fərqin qoyulması yaxşı olardı.

Hazırda bu məsələ ilə bağlı Nazirlər Kabineti Aparatı və Dövlət Miqrasiya Xidməti ilə danışıqlar apardığını söyləyən QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəsmisinin sözlərinə görə, miqrantlar öz həyatlarını yaxşılaşdırmaq, sığınacaq axtaran şəxslər isə sığınmaq üçün ölkəyə gəlirlər və onların başqa seçim imkanları yoxdur. Buna görə də işə qəbulla bağlı işəgötürənlər üçün rüsumu müəyyən edən qanunvericliyə bu rüsumun BMT QAK-ın qeydiyyatında olan qacqın və sığınacaq axtaran şəxslərə şamil olunmaması ilə bağlı müddəanın əlavə edilməsi təklif edilir.

"Təklifimizə hökumətdə konstruktiv yanaşılır. Ancaq dövlətin öz milli maraqları və strateji məsələlər da var"-Ağayev əlavə edib.

O qeyd edib ki, belə şəxslər əsasən, tikintidə və bazarda işləyirlər. Ancaq onlar işlədikdə də bunu rəsmiləşdirə bilmirlər. Bu isə onları çətin vəziyyətdə qoyur, işəgötürənlərdən asılı vəziyyətdə saxlayır. Nəticədə onların sosial müdafiə və əmək hüquqları təmin edilmir.

Ağayev qaçqın və sığınacaq axtaran şəxslərin mənzil probleminin həlli üçün hökumət qarşısında hər hansı təkliflə çıxış etmədiklərini də söyləyib.

"Çünki hazırda Azərbaycanda da mənzilə ehtiyacı olan məcburi köçkünlər yaşayır. Azərbaycan hökuməti üçün də bu yük kifayət qədərdir",-QAK səlahiyyətlisi qeyd edib.

Qeyd edək ki, ötən ilin dekabrın sonuna olan məlumata əsasən, Azərbaycanda 1575 nəfər qaçqın və sığınacaq axtaran şəxs var. Qaçqın və sığınacaq axtaran şəxslərin coxu, yəni 49 faizi çeçenlərdir. Onların 41 faizi əfqanlar, 6 faizi iranlılar, 4 faizi isə digər - İraq, Afrika ölkələri, Gürcüstan, Ermənistan və s.dövlətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti