...

Azərbaycan yol polisi avtobus sürücülərinə qarşı ciddi ölçünün götürülməsi üçün çağırış etdi

Cəmiyyət Materials 2 Aprel 2013 11:50 (UTC +04:00)
Nəqliyyat Nazirliyi avtobus sürücüləri ilə bağlı düzgün seçim etməli və ciddi ölçü götürməlidir!
Azərbaycan yol polisi avtobus sürücülərinə qarşı ciddi ölçünün götürülməsi üçün çağırış etdi

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Nəqliyyat Nazirliyi avtobus sürücüləri ilə bağlı düzgün seçim etməli və ciddi ölçü götürməlidir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin fikrincə, avtobus sürücülərinə həm ictimai nəzarət olmalı, həm də Nəqliyyat Nazirliyinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilməlidir.

"İndi yollarda avtobusların sayı çoxalıb. Ardıcıl olaraq yollarda onları qayda pozuntusuna görə saxlamaq da olmur. Yollarda nəqliyyatın sıxlığı yaşanır. Bir avtobusu da saxlayanda ümumiyyətlə həmin küçədə nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşür. Nəqliyyat Nazirlyinin müvafiq qurumları buna diqqət yetirməli və sürücü seçiminə ciddi yanaşmalıdırlar. "Sürücülük vəsiqəsi və müvafiq kateqoriyası var" deyə hər sürücüyə bu qədər insanın taleyini etibar etmək olmaz. Sürücülərə avtobusların idarə edilməsini etibar edərkən onların ümumi psixoloji durumu da nəzərə alınmalır, marşrutlara diqqət yetirilməlidir,"- Əliyev qeyd edib.

Yol polisi sözçüsünün bildirdiyinə görə, bu problemin qarşısını birdən-birə almaq mümkün deyil. Bu işlər tədricən aparılır. Nəqliyyat Nazirliyi artıq eyni xətt üzrə işləyən marşrutların çoxunu ləğv edib, bu sahədə təşkilat tərəfindən müvafiq tədbir görülür. Lakin Kamran Əliyev hesab edir ki, bu məsələdə avtobus marşrutlarının sahibləri də diqqətli olmalıdırlar.

Hadisələrin də çoxu avtobusların bir-biri ilə rəqabəti, üst-üstə düşən marşrutlar arasında sərnişin uğrunda düşünülməmiş mübarizə nəticəsində baş verir. Hamı çalışır ki, növbəti dayanacağa tez çatsın. Dəfələrlə şahidi olmuşuq ki, hətta işıqforun qırmızı işığında da keçir, yol nişanlarının tələblərini pozur, qarşıdan gələn nəqliyyatın yoluna çıxırlar. Bu gün avtobus sürücüləri tərəfindən belə qayda pozuntularına yol verilməsi halları çoxdur. Amma bu sürücülər cəzadan da kənarda qalmırlar. Yaxşı olar ki, sahibkarlar da sürücülərinə fikir versinlər. Baxsınlar ki, həmin sürücü haqqında nə qədər protokol tərtib olunub. Həmin sürücülərin sürücülük vəsiqələrinin rekvizitləri sahibkarlarda da var. Sahibkar öz marşrutunda işləyən avtobus sürücüsünün sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə həmin sürücü barədə məlumat ala bilər", şöbə rəisi bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbəsinin rəisi avtobuslarda kart sisteminə keçilməsinin avtobus sürücülərini düşünülməmiş rəqabətdən çəkindirəcəyinə ümid edir.

"Hər qayda pozuntusunda avtobus sürücülərini saxlayıb onlara cərimə yazmaq problemin həlli yolu deyil. Bu, problemin həllinə qismən təsir edə bilər. Ümumilkdə problemin həlli yalnız ayrı-ayrı qurumların, elə ictimaiyyətin özünün də bilavasitə bu sahəyə diqqət ayırması nəticəsində mümkün olacaq", - Əliyev vurğulayıb.

Qeyd edək ki, 2013-cü ilin ilk 2 ayı ərzində avtobus sürücülərinin iştirakı ilə 24 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 16 nəfər ölüb, 26-sı yaralanıb. 2012-ci ildə isə avtobus sürücülərinin iştirakı ilə 114 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 57 nəfər ölüb, 183 nəfər xəsarət alıb. 2011-ci ilə nisbətdə ötən il avtobus sürücülərinin iştirakı ilə 14 yol-nəqliyyat hadisəsi, ölənlərin sayı 7 nəfər, yaralıların sayı 85 nəfər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti