...

Fərhad Məmmədov: Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür

Cəmiyyət Materials 19 İyun 2013 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İ.İzzət/

Müasir dövrdə beyin mərkəzlərinin rolu dəfələrlə artıb. Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür.

Trend-in xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının mühafizəsində və təbliğində rolu" mövzusunda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günü çıxışı zamanı deyib.

Onun sözlərinə görə, davamlı inkişaf dedikdə elə inkişaf başa düşülür ki, o inkişaf tipi indiki nəsillərin tələbini ödəyir, lakin gələcək nəsillərin tələbinin ödənilməsini də təhlükə altına almır. Davamlı inkişaf konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır:

"Beyin mərkəzi olaraq strateji araşdırma mərkəzləri dövlətlər və onların cəmiyyətləri arasında güvənli bir bağlantı rolunu oynayırlar. Onlar ilk olaraq insanları müəyyən formada maarifləndirməlidiirlər. Çünki dayanıqlı inkişafın əsasında birinci növbədə insan kapitalı durur və bu gün dünya ölkələri çoxillik davamlı inkişaf proqramlarını hazırlayıb qəbul ediblər. Strateji araşdırma mərkəzlərinin əsas məqsədlərindən biri də bu proqramlar çərçivəsində insan kapitalını yetişdirməkdir".

"Yaşı az olmasına baxmayaraq, SAM 2013-cü ildə Pensilvaniya Universitetinin reytinq sorğusuna əsasən dünyanın öndə gedən beyin mərkəzləri sırasında göstərilib",- deyən Məmmədovun fikrincə, son zamanlar bir çox dövlətlər özünün davamlı inkişaf konsepsiyalarını hazırlayıb bu çərçivədə müəyyən inkişaf proqramları yaradıblar. Hər bir proqramın həyata keçirilməsi maliyyə resurslarının olmasını tələb edir. Strateji araşdırma mərkəzləri doğru və müvafiq maliyyə mənbələrinin seçilməsində öz tövsiyələrini verə bilərlər:

"Ayrı-ayrı ölkələrin strateji araşdırma mərkəzlərinin əməkdaşlığı, onların birgə fəaliyyətləri, fikir mübadilələri bu prosesi daha da sürətləndirir. Həm də ölkələrin iqtisadi, siyasi, sosial və mədəni baxımdan bir-birlərinə inteqrasiya olmaları strateji araşdırmalar mərkəzlərinin birgə fəaliyyətini zəruri edir. Bu zaman əldə olunan nəticələr də daha effektiv olacaq və biz davamlı inkişafın təmin olunması üçün ən uyğun proqramların hazırlanmasına nail olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti