Azərbaycan, Bakı, 24 iyun /Trend/
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyinə Fondun üçüncü qrant müsabiqəsinin elan olunması, "E" kateqoriyası üzrə (xarici ölkə gənclərinin və gənclər təşkilatlarının Azərbaycanın tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin dəstəklənməsi) təqdim edilmiş layihələrin müzakirəsi, Fond tərəfindən həyata keçirilən və planlaşdırılan təbdirlər, habelə qurumun maliyyə dəstəyi ilə hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti və sair məsələlər daxil edilib.
İclasa sədrlik edən Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qrant müsabiqəsinin əsas məqsədinin gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdən ibarət olduğunu qeyd edib. O, fərdi gənclər və gənclər təşkilatları üçün ötən müsabiqələrlə müqayisədə daha çox - 5 kateqoriya üzrə 20-dən artıq mövzunun nəzərdə tutulduğunu bildirib. Təklif edilib ki, müsabiqənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Fondun aparatı tərəfindən respublikanın bütün regionlarında təqdimat mərasimləri və məlumatlandırma sessiyaları keçirilsin.
Şura üzvlərinin səsləndirdikləri təkliflər nəzərə alınmaqla, müsabiqənin istiqamətlərinin, müddətinin və şərtlərinin iyun ayının 27-də elan edilməsi qərara alınıb.
Xarici ölkələrin gənclər təşkilatları və gənc vətəndaşları tərəfindən "E" kateqoriyası üzrə təqdim edilmiş 5 layihə Fondun müvafiq təlimatına uyğun gəlmədiyinə görə yenidən işlənmək üçün geri qaytarılıb.
Fondun icraçı direktoru Fərhad Hacıyev Fondun həyata keçirdiyi və planlaşdırdığı tədbirlər, habelə qurumun maliyyə dəstəyi ilə gənclər təşkilatları və yaradıcı gənclər tərəfindən hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti haqqında məlumat verib. İcraçı direktorun məlumatı nəzərə alınıb.
İclas cari məsələlərin müzakirəsi ilə işini davam etdirib.