...

Azərbaycanda ən çox ədəbi dilin qaydalarını pozan telekanalın adı açıqlandı

Cəmiyyət Materials 4 İyul 2013 17:06 (UTC +04:00)
Bu gün Azərbaycan televizya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı nöqsanlar çoxdur və bu nöqsanların aradan qaldırılması üçün işlər aparılmalıdır.
Azərbaycanda ən çox ədəbi dilin qaydalarını pozan telekanalın adı açıqlandı

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan televizya və radio məkanında Azərbaycan ədəbi dili ilə bağlı nöqsanlar çoxdur və bu nöqsanların aradan qaldırılması üçün işlər aparılmalıdır. Hazırda ədəbi dilin qaydalarının pozulması halları ən çox ANS telekanalında müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində may-iyun aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.

Məhərrəmli qeyd edib ki, xarici dillərdən istifadə Azərbaycanın ana dilinə laqeyd münasibətə səbəb olur.

MTRŞ sədri qeyd edib ki, indi xarici sözlərdən çox istifadə edirlər: "Misal üçün, bu gün sosial şəbəkələrdə işlədilən "like" sözü gənclər arasında daha məşhurdur. Azərbaycan dilinin bu cür sözlərlə çirklənməsinin qarşısı alınmalıdır".

Məhərrəmli onu da əlavə edib ki, hazırda Azərbaycanın televiziya və radio məkanında ədəbi dil normaları küçə, bazar, şou-biznes danışıq normalarına uduzur, balans çox ciddi şəkildə pozulur: "Bizdə bəzən belə bir fikir formalaşdırılır ki, xalq danışıq dili hər yerdə olmalıdır. Bu, tamamilə yanlış bir fikirdir. Azərbaycanda teleradio kanallarında çalışan aparıcılar kimliyindən asılı olmayaraq, yəni istər idman, istər mədəniyyət, istərsə də xəbər aparıcıları Azərbaycanın ədəbi dil qaydalarını mütləq bilməlidirlər".

Məhərrəmli, həmçinin ilk təhsillərini Azərbaycan dilində almayan insanların televiziyada aparıcılıq etməsinin problemə çevrildiyini bildirib. Onun sözlərinə görə, xüsusən, rusdilli insanların televiziyalarda aparıcılıq emtəsi çox böyük nöqsanlarla müşahidə olunur: "Cümlələrin leksik, fonetik, qrammatik formada düzgün qurulmaması verilişlərdə çox böyük nöqsanlarla müşahidə olunur. Bu sahədə də çox böyük işlər aparmaq lazımdır".

Şura sədri əlavə edib ki, ümumrespublika yayımçıları olan televiziya kanallarının aparıcıları bəzən məhəlli dialekt, şivələr, jarqon və bayağı sözlərdən daha çox istifadə edirlər: "Ümumrespublika yayımçısı statusu almış hər bir televiziya kanalı Azərbaycan televiziyasıdır və artıq aparıcı burada dialektdə, ləhcədə danışa bilməz. Aparıcı Azərbaycan ədəbi dili qaydalarında danışmalıdır. Regional televiziya kanalında belə hallar müşahidə edilərsə, bunu haradasa başa düşmək olar. Ümumrespublika yayımçılarında isə belə hallar baş verməməldir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti