...

Fərhad Abdullayev: Məhkəmələrdən Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı xeyli artıb

Cəmiyyət Materials 11 İyul 2013 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Son illərdə məhkəmələrdən Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı xeyli artıb. Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəsmi mətbu orqan orqan olan "Azərbaycan" qəzətinə bildirib.

Abdullayevin sözlərinə görə, həmin müraciətlərdə digər məhkəmələr, hüquq-mühafizə orqanları və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur: "Bu, onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər və bir çox hallarda baxılan iş üzrə icraatı dayandırmaqla, Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusion prinsiplərə əsaslanan yüksək konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu isə son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış edir".

F.Abdullayev bildirib ki, bu günədək məhkəmələrin müraciətləri əsasında Konstitusiya Məhkəməsinin Plenumu 49 qərar və 9 qərardad qəbul edib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş 247 qərardan 103-ü qanunların, 2-si isə Konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olub.

Sədr deyib ki, Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biri də qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll etməkdir. Konstitusiyanın 130-cu maddəsində nəzərdə tutulan səlahiyyətləri ilə yanaşı, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada yoxlayır və təsdiq edir,

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edir, Konstitusiyanın mətninə təklif edilən dəyişikliklərə dair əvvəlcədən rəy verir, habelə Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir: "Ümumiyyətlə, Əsas Qanunla nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirərkən Konstitusiya Məhkəməsi hakimiyyətin digər qolları ilə qarşılıqlı fəaliyyət göstərir, qəbul etdiyi qərarları ilə milli hüquq sisteminin formalaşmasına, qanunvericiliyin inkişafına öz töhfəsini verir, onu konstitusiya ideyaları ilə zənginləşdirir. Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb".

F.Abdullayev bildirib ki, ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 247 qərar və 56 qərardad qəbul edilib. Bu qərarların böyük bir hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub.

Sədr qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Belarus, Moldova, Bolqarıstan və İndoneziya respublikalarının Konstitusiya məhkəmələri ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti