...

Yol polisi bu il Bakıda qəzalarda ölənlərin sayının artması ilə bağlı həyəcan təbili çalır

Cəmiyyət Materials 10 Sentyabr 2013 11:58 (UTC +04:00)
2013-cü ilin 8 ayı ərzində Bakıda 657 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 224 nəfər ölüb, 697 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yol polisi bu il Bakıda qəzalarda ölənlərin sayının artması ilə bağlı həyəcan təbili çalır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/

2013-cü ilin 8 ayı ərzində Bakıda 657 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 224 nəfər ölüb, 697 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü (2012-ci ilin 8 ayı) ilə müqayisədə yol-nəqliyyat hadisələrin sayı 17 (2,5 faiz) fakt azalıb, ölənlərin sayı 22 (10,9 faiz) nəfər artıb, xəsarət alanların sayı isə 63 (8,8 faiz) nəfər azalıb: "Göründüyü kimi yol-qəza hadisələrinin və xəsarət alanları sayı azalsa da, 22 ölüm faktının artması artıq həyəcan siqnalının verilməsinə zəmin yaradır."

Hesabat dövrü ərzində bu hadisələrdən 44 yol qəza hadisəsi (7 ölüm, 37 xəsarət) naməlum şəraitdə qeydə alınıb. Görülmüş tədbirlər nəticəsində 34 faktın ( 3 ölüm, 31 xəsarət) üstü açılıb, 10 hadisənin (4 ölüm, 6 xəsarət) üstünün açılması istiqamətində də tədbirlər davam etdirilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılmamış yol qəza hadisələrinin sayı aşağı düşüb. Yəni 2012-ci ildə belə hadisələrin sayı 56 olmuşdusa, bu il cəmi 44 olub.

Təhlillər göstərir ki, hadisələrin 51 faizi sürət həddinin aşılması, 47 faizi piyadaların vurulması, 26 faizi əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, ötmə və ya manevretmə qaydalarının, 18 faiz isə yolayrıclarını keçmə qaydalarının pozulması ilə bağlı olub.

Əsədov bildirib ki, hadisələr əsasən paytaxtın sürət həddinin aşma ehtimalı olan yollarında qeydə alınıb. Bura Azadlıq, Babək və Tbilisi prospektləri, Bakı-Salyan yolu, Bakı-Aeroport şosesi və s. daxildir. Qəzalar daha çox şənbə və bazar günləri daxil olmaqla axşam vaxtlarında - saat 18:00 - 00:00 arası baş verib: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sürücüləri və piyadaları yollarda diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti