...

Azərbaycanda ingilis dili müəllimləri üçün layihə həyata keçiriləcək

Cəmiyyət Materials 13 Sentyabr 2013 17:47 (UTC +04:00)
Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün ingilis dilinin tədrisi üzrə "21-ci əsrin müəllimi" layihəsi həyata keçiriləcək.
Azərbaycanda ingilis dili müəllimləri üçün layihə həyata keçiriləcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün ingilis dilinin tədrisi üzrə "21-ci əsrin müəllimi" layihəsi həyata keçiriləcək.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı nazirliklə Britaniya Şurası arasında rəsmi sənəd imzalanıb. Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda, maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar.

Qeyd edək ki, "21-ci əsrin müəllimi" layihəsi çərçivəsində ötən illərdə Bakı şəhərində müvafiq iş həyata keçirilib. Bu il isə ilk dəfə olaraq müəllim-təlimçilər respublikanın digər rayonlarında da olacaqlar.

İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcək. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaq. Təlimlər Qəbələ, Şəki, Quba, Şamaxı, Gəncə, Mingəçevir, İsmayıllı, Xaçmaz, Zaqatala, Yevlax, Göyçay, Şirvan, Lənkəran, Salyan və Qusarla yanaşı, Bakı və Sumqayıtda da keçiriləcək. Ümumilikdə 520 müəllim bu təlimlərdə iştirak edəcək. Layihənin yekununda ingilis dili müəllimlərinin müasir təlim metodları sahəsində professional bilik və bacarıqlarının inkişaf edəcəyi və ingilis dilinin təlim keyfiyyətinin daha da yüksələcəyi gözlənilir. Layihədə Britaniya Şurasının 24 nəfər müəllim-təlimçisi iştirak edəcək.

Təlim kurslarının sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək. Azərbaycan Təhsil Nazirliyi və Britaniya Şurası bu istiqamətdə analoji layihələrini bundan sonra da daha geniş miqyasda davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti