Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Artıq orta məktəblərdə ixtisaslaşdırılmış ödəniş sisteminin tədbiqi barədə düşünülməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün yeni dərs ilinin başlanması münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşündə deyib.
Nazirin sözlərinə görə, müəllim işləyən hər bir insanı stimullaşdırmaq, müəllimlik peşəsini seçənləri həvəsləndirimək lazımdır. Onlar öz peşəkar səviyyələrini artırmalıdırlar.
Nazir hesab edir ki, dövlət tərəfindən öz peşəsini sevən və sevməyən müəllimlərə verilən əməkhaqlarında fərq olmalıdır: "Müəllimlərin daimi peşəkar inkişafını təmin edən mexanizmlərin tədbiq olunması sahəsində dövlət tərəfindən addımlar elə formada atılmalıdır ki, müəllimlər peşə ixtisaslarının artırılmasında özləri maraqlı olsunlar və gündəlik fəəliyyətlərində bunu tətbiq edə bilsinlər. Bütün bu və digər problemlər Təhsil Nazirliyi tərəfindən düşünülür. Gələcəkdə bütün bu məsələlərin həllinə nail olunacaq".
M.Cabbarov bildirib ki, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin artırılması istiqamətində müəyyən addımlar atılıb. Gələcəkdə bu istiqamətdə islahatların həyata keçirilməsi nəzərdə tutulur.