...

Azərbaycanda uşaqların hansı müayinələrdən məcburi qaydada keçəcəyi müəyyənləşib

Cəmiyyət Materials 20 Sentyabr 2013 17:04 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi "Uşaqların icbarı dispanserizasiyası haqqında" qanuna əsasən, uşaqların icbarı dispanserizasiyası zamanı birinci növbədə hansı müayinələrin məcburi qaydada aparılacağını müəyyənləşdirib.
Azərbaycanda uşaqların hansı müayinələrdən məcburi qaydada keçəcəyi müəyyənləşib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi "Uşaqların icbarı dispanserizasiyası haqqında" qanuna əsasən, uşaqların icbarı dispanserizasiyası zamanı birinci növbədə hansı müayinələrin məcburi qaydada aparılacağını müəyyənləşdirib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Adil Kərimli Trend-ə bildirib ki, ilk növbədə uşağın bədən çəkisi, boyu, arterial çəkisi ölçülməli, görmə qabiliyyəti müəyyənləşdirilməli, qanın ümumi analizi aparılmalı, bağırsaqlarda fermentlər, yəni qurdların olub-olmadığı yoxlanılmalıdır. Ehtiyac olarsa, uşağın flüoqrafik müayinəsi də aparılır: "Bununla yanaşı, bir məsələ də buraya daxil olunub. "Yastı dabanlıq" uşaqlarda körpəlikdən müşahidə edilən, sonradan qarşısı alınmayan bir prosesdir. Ona görə də bu məsələyə də diqqət olunur və uşaqların pəncələrinin düzgün inkişaf edib-etmədiyi yoxlanılır".

Nazirlik rəsmisi bildirib ki, uşağın dayaq-hərəkət sisteminin inkişafı üçün onun pəncəsinin düzgün inkişaf etməsi vacib məsələdir.

Onun sözlərinə görə, bu, ilkin dövrlərdə aşkar edildikdə onu korreksiya etmək mümkündür və bu hal aradan götürülür. Ancaq yaş artıqca, sümüklər formalaşandan sonra bunu müalicə və korreksiya etmək çox çətin olur.

Dispanserizasiya zamanı hansı mütəxəssislərin iştirak etməsinə gəldikdə, A.Kərimlinin sözlərinə görə, dispanserizasiyada ilk növbədə həkim-pediatr və ailə həkimləri iştirak edir. Bu prosesdə həkim-nevropotoloq, həkim-oftolmoloq, həkim-cərrah, lor həkiminin olması mütləqdir. Profilaktik müayinələr olması zamanı hər hansı patologiya aşkarlanarsa, tibbi göstərişə əsasən, əlavə müayinələr və ixtisaslı mütəxəssislərin də baxışı aparılır.

Nazirlik rəsmisi bildirib ki, uşaqlar həmişə dispanserizasiyadan keçirilib. Sadəcə, qanun qəbul olunduqdan sonra bu, icbari xarakter daşıyır.

A.Kərimli deyib ki, icbarı dispanserizasiya tədbirləri bütün uşaqları (anadan olandan 18 yaşı tamam olanadək) əhatə edir. İcbarı dispanserizasiya zamanı sağlam və xəstə olmasından asılı olmayaraq, bütün uşaqlar ildə ən azı, bir dəfə profilaktik müayinələrdən keçirilməlidir. Əgər profilaktik müayinələr zamanı uşağın xəstə olduğu aşkarlanarsa, o, dispanser qeydiyyatına götürülür və müalicə-sağlamlaşdırıcı tədbirlər görülür. Uşaq sağlam olduqda isə o, sağlam uşaq kimi dispanser qeydiyyatına alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti