...

Bakı yol polisi avtobus sürücüləri ilə bağlı xüsusi qrup yaratdı

Cəmiyyət Materials 26 Sentyabr 2013 18:22 (UTC +04:00)
Bu gündən etibarən paytaxt ərazisində sərnişindaşıma ilə məşğul olan sürücüllər arasında nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq idarənin bölmə və şöbə əməkdaşlarından ibarət xüsusi təşkil edilib.
Bakı yol polisi avtobus sürücüləri ilə bağlı xüsusi qrup yaratdı

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu gündən etibarən paytaxt ərazisində sərnişindaşıma ilə məşğul olan sürücüllər arasında nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq idarənin bölmə və şöbə əməkdaşlarından ibarət xüsusi qrup təşkil edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, qrupa növbətçi hissənin, hərəkətin təşkili hissəsinin və digər şöbə və bölmələrin rəhbərliyi və əməkdaşları daxildir. Adıçəkilən qrup sentyabrın 26-da paytaxt ərazisində avtobus dayanacaqlarında reydlər keçirib. Reydlər Parlament, Mətbuat, Neftçilər, İnşaatçılar, Nəriman Nərimanov prospektlərində, eləcə də Mikayıl Müşfiq və Tağı Şahbazi küçələrində avtobus dayanacaqlarında aparılıb:

"Reydlərdə, əsasən, sürücülük vəsiqəsi və digər lazımi sənədləri olmayan 38 sərnişin avtobusu aşkar edilərək yol hərəkətindən kənarlaşdırılıb və müvəqqəti mühafizə olunan dayanacaqlara aparılıb. Hələlik yoxlamalar zamanı avtobusun qeydiyyat şəhadətnaməsi olmadan idarə edilməsinə daha çox təsadüf edilir, yəni bu sərnişin avtobusları qeydiyyat şəhadətnamələri olmadan xəttə buraxılıb. Bundan başqa, paytaxtın avtobus dayanacaqlarından kənarda, yolların hərəkət hissəsində, ikinci cərgədə dayanmış 108 avtobus sürücüsü barəsində inzibati protokol tərtib edilib. Reydlər zamanı sərnişinlərlə yanacaqdoldurma stansiyasına daxil olduğuna görə 2, eləcə də hərəkət zamanı işıqforun qırmızı işığında hərəkət edən 3, üfüqi nişanlanma xəttinin, yəni "qoşa xətt"in tələbini pozub əks istiqamətli yol zolağına daxil olan 6, yolayrıcıları keçmə qaydalarını pozan 9, nəqliyyat vasitəsini qapıları açıq vəziyyətdə idarə etdiyinə görə 1, texniki baxışdan keçmədiyini görə 8 avtobus sürücüsü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar".

V.Əsədovun sözlərinə görə, plana əsasən, bu gündən etibarən bu istiqamətdə tədbirlərin keçirilməsi mütəmadi davam etdiriləcək:

"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək bildirir ki, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi və yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobus sürücüləri arasında təbliğat işlərinə diqqət artırılsın, dispetçerlər ayrılsın, marşrut boyu dispetçerlərin köməyindən istifadə edərək sürücülərin hərəkətləri nəzarətdə saxlanılsın. Dispetçerlər marşrut boyu avtobusların hərəkətinə nəzarəti gücləndirməli, sükan arxasındakı sürücülərin yolda xəbərsiz dəyişdirilməsinə imkan verməməlidirlər. Belə ki, sürücülər ilk avtobus dayanacağından sürücülük vəsiqəsi ilə çıxır, son dayanacağa çatmamış artıq onların sürücülük vəsiqəsinin olmadığı aşkar edilir. Bütün bunların hamısı sürücülərin nəzarətsiz olduğundan, bir-birilərini özbaşına dəyişdirdiyindən xəbər verir.

Hər halda sərnişindaşımada nizam-intizamın tam yaradılması üçün bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar bu problemin kökündən həll edilməsi üçün öz üzərilərinə düşən funksional vəzifələri, işləri yerinə yetirməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti