...

Rəşid Fətəliyev: Ölkəmizin Avropaya daxil edilməsi ilə bağlı iki variant var (MÜSAHİBƏ) (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2013 11:14 (UTC +04:00)
Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Coğrafiya İnstitutu ölkəmizin coğrafi baxımdan Avropa məkanına daxil edilməsi məsələsini qaldırdı.
Rəşid Fətəliyev: Ölkəmizin Avropaya daxil edilməsi ilə bağlı iki variant var (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu ölkəmizin coğrafi baxımdan Avropa məkanına daxil edilməsi məsələsini qaldırdı. Geniş marağa səbəb olan bu məsələ hazırda da ictimaiyyətin müzakirəsindədir.

Məsələni ilk dəfə qaldıran geologiya-minerologiya elmləri namizədi Rəşid Fətəliyevlə müsahibə də bu mövzudadır:

- Azərbaycanın coğrafi baxımdan Avropaya daxil edilməsi məsələsini ilk dəfə siz qaldırmısınız və bu məsələnin AMEA-nın Coğrafiya İnstitutuna ictimailəşdirməyi siz tövsiyə etmisiniz. Bu təşəbbüsün qaldırılmasına səbəb nə oldu?

- Avropa və Asiyanın dəniz sərhədləri hamı tərəfindən qəbul edilsə də, bu iki qitənin quru sərhədlərinin haradan keçməsi üç min ildən çoxdur ki, alim və mütəxəssislərin müzakirə predmeti olub və son üç əsrdə mübahisə predmetinə çevrilərək indiyə kimi davam etməkdədir. Üç min ildən çoxdur ki, sərhəd məsələsi gah o tərəfə, gah bu tərəfə çəkilir. Bu mövzu zaman-zaman insanları, xüsusilə də alimləri düşündürüb. Onlar Avropanın harada qurtarıb, Asiyanın haradan başlandığı sualına cavab axtarıblar. Finikiyalılar və qədim yunanlar bir-birindən dənizlərlə ayrılan 3 qitə tanıyırdılar - Avropa, Asiya və Liviya (Afrika). Sonralar məlum oldu ki, Avropa heç də hər tərəfdən su ilə əhatələnmiş materik deyil, indi Avrasiya adlanan böyük materikin kiçik bir hissəsidir. Qədim romalılar və yunan alimləri - Herodot, Polibiy, Strabon, Ptolomey və s. Avropa və Asiyanın sərhədlərini Egey dənizi, Qara dəniz, Azov dənizi və Tanais (Don) çayından keçirirdilər. Həmin çaydan o yana olan ərazilər haqqında onların kifayət qədər təsəvvürləri yox idi. Bu fikir təxminən iki min il hökm sürdü, baxmayaraq ki, orta əsr ərəb alimləri öz əsərlərində sərhədin İtil (Volqa) və Kama çaylarından keçdiyini bildirirdilər. Bir geoloq, coğrafiyanı sevən bir adam kimi bu məsələ barədə çoxdan fikirləşirdim. Sadəcə olaraq, keçən il "Əli və Nino"nu oxuyanda bu fikirlərimi qələmə almağı qərara aldım. Bu romanın elə ilk səhifəsində professor Sanin Bakıdakı rus imperatoru humanitar gimnaziyasının 3-cü kurs tələbələrinə belə bir müraciət edir: "... Avropanın şərq sərhədi isə Rus imperiyasının içindən, Ural sıra dağları boyunca aşağı, Xəzər dənizindən və Qafqazdan keçir. Bəzi alimlər Qafqaz dağlarının cənubundakı bölgəni mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edirlər. Uşaqlar, demək istəyirəm ki, şəhərimizin qabaqcıl Avropayamı, yoxsa geridə qalmış Asiyayamı aid olacağını müəyyən etmək sizin mövqeyinizdən asılıdır". Görkəmli ədibin əsərin başlanğıcında qoyduğu bu sual və sonra roman boyu dəfələrlə həmin mövzuya qayıdaraq, qəhrəmanlarının dili ilə Asiya və Avropa qitələrində yaşayan insanların, xalqların və millətlərin adət-ənənələrinin, xarakterlərinin, dünyagörüşlərinin müqayisə edilməsi bu mövzunun 20-ci əsrin əvvəllərində Qafqaz, o cümlədən Azərbaycan ziyalıları üçün də maraqlı mübahisə predmeti olduğunu göstərir. Mən də bunları nəzərə alaraq, Azərbaycanın Avropa sərhədlərinə daxil edilməsi, Avropanın cənub sərhədlərinin yenidən müəyyənləşdirilməsi məsələsinin qaldırılması barədə ilk təşəbbüsü qaldırdım və bununla bağlı bir necə yazı yazdım. AMEA-nın Coğrafiya İnstitutu da bununla maraqlanıb elmi seminar təşkil etdi. O zaman belə qərara gəlindi ki, bu söhbəti ictimailəşdirək. Çünki 1964-cü ildə SSRİ Coğrafiya Cəmiyyətinin təklifi ilə Londonda Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən təsdiq olunmuş sərhədlər reallığı əks etdirmir.

- O zaman həmin cəmiyyət tərəfindən sərhədlərin düzgün müəyyənləşdirilməməsinə səbəb nə olub?

- O zaman SSRİ vardı, Moskva vardı. Ona görə də təbii ki, rusların birtərəfli mövqeyi əsas götürülürdü. Sovet İttifaqında hər şeyin hədsiz siyasiləşdirilməsi görünür, iki qitənin sərhədi məsələsindən də yan keçməyib. Bunun bir neçə səbəbi var. Əsas səbəb isə məqsəddən asılı olaraq sərhəd anlayışına yanaşmanın müxtəlif olmasıdır. Məsələn, coğrafi, siyasi, iqtisadi, mədəni, tarixi, etnoqrafik, linqvistik və s. Görünür, Uralın və Qafqazın bölgə olaraq bütövlüyünün pozulmaması ideyasını əldə əsas tutan o vaxtkı mərkəz üçün siyasi-iqtisadi məqsədlər daha önəmli idi. Əslində, materik, qitə coğrafi anlayış olduğundan, sərhədlər də daha çox təbii amillərə, o cümlədən coğrafi, geoloji, geomorfoloji (hidroqrafik, landşaft, oroqrafik) amillərə əsaslanmalıdır. Bu nöqtədən baxanda nə görürük? Əsas amil böyük su hövzələridir, yəni okeanlar, dənizlər, boğazlar və körfəzlər. İkinci amil kimi silsilə dağların ən hündür nöqtələrini birləşdirən xətti - suayırıcılarını, üçüncü amil kimi isə çayları, gölləri və ya quru çökəklikləri göstərmək olar. Deməli, qitələrin quru sərhədləri üçün sıra dağların suayırıcı xəttinin götürülməsi daha məqbuldur.

Azərbaycanın Avropa sərhədlərinə daxil edilməsi ilə bağlı iki variant var

- Əslində, Avropanın sərhədi hardan hesablanmalıdır?

- XVIII əsrdən alimlər bu iki qitənin təbii sərhədlərini müəyyən etmək üçün tədqiqat işlərinə başlamışlar, nəticədə çox müxtəlif variantlar ortaya çıxıb. Məsələn, bəzi alimlər sərhədin hətta Ob və Yenisey çaylarından keçməsini təklif etmişlər. Nəhayət, ilk dəfə olaraq İsveç alimi F.İ.Stralenberq 1730-cu ildə, daha sonra isə rus alimi V.N.Tatişev 1736-cı ildə Avropa və Asiyanın sərhədinin Ural sıra dağları boyunca keçdiyi ideyasını irəli sürdülər. Bir çox alimlər bununla razılaşsalar da, onu qəbul etməyib tənqid edənlər də oldu. Böyük alman təbiət alimi A.Humbold (1850) ümumiyyətlə, belə bir sərhədin olmadığını, Avropanın isə Asiya qitəsinin bir hissəsi olduğu fikrini önə çəkirdi. Ondan təxminən 100 il sonra avropalı alimlər P.Quru (1956) və U.Parker (1960) bu fikri təkrarlayaraq yazırdılar ki, Avropa və Asiya kimi iki materik yoxdur, tək bir Avrasiya materiki var, Avropa isə Hindistan, Ərəbistan yarımadaları kimi onun bir yarımadasıdır.

Baş Qafqaz sıra dağlarının suayırıcı xəttini iki qitənin sərhədi kimi götürmək doğru variant sayıla bilər. Geotektonik nəzəriyyəyə görə, Yer kürəsində mövcud olan sıra dağların əksəriyyəti milyon illərcə əvvəl parçalanmış yer qabığının ayrı-ayrı hissələrinin (plitələrin, platformaların) toqquşması nəticəsində əmələ gəlib. Baş Qafqaz sıra dağlarının da yerin geoloji inkişaf tarixinin çox uzun sürən müəyyən məqamında Şərqi Avropa və Ərəbistan platformalarının toqquşması nəticəsində yarandığı dünya geoloqları tərəfindən qəbul edilmişdir. Belə tutarlı əsaslar olduğu halda, sərhəd nə üçün Kuma-Manıç çökəkliyindən keçməlidir?

- Bəs Azərbaycan ərazisində Baş Qafqaz sıra dağlarının suayırıcı xətti, yəni uzanma oxu haradan keçir?

- Bizim üçün maraqlı olan bu sualın cavabını tapmalıyıq. Ölkəmizin fiziki coğrafiya xəritəsinə nəzər salsaq görərik ki, Rusiya və Azərbaycanın dövlət sərhədlərindən başlayaraq Abşeron yarımadasına qədər məsələ nisbətən aydındır. Belə ki, Baş Qafqaz dağlarının suayırıcı xətti Bazar Düzü (4466m), Tufandağ (4191m), Babadağ (3629m), Dübrardağ (2205m) kimi zirvələrdən keçir, cənub-şərq istiqamətində uzanaraq aşağılarda Kəmçidağa (1026m) və İlxıdağa (336m) qədər gəlib çatır və Abşeron yarımadasının başlanğıcında itir. Sıra dağların uzanma oxunun bu nöqtəyədək istiqaməti alim və mütəxəssislər tərəfindən ümumən qəbul edilsə də, yarımadanın relyefinin müxtəlifliyi onun davamının birmənalı şəkildə təyininə imkan vermir. Buna baxmayaraq, artıq tərəddüd etmədən deyə bilərik ki, bəli, Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan, o cümlədən Abşeron yarımadasından keçir və Azərbaycan fakt olaraq, transkontinental ölkə sayılır.

- Bəzi avropalı alimlər Avropa və Asiya qitələrinin sərhədinin Baş Qafqaz sıra dağlarından deyil, Kür-Araz ovalığından keçməsini təklif edirlər. Bunlardan hansı variant daha doğrudur və iki qitənin ehtimal olunan sərhədi ölkəmizin ərazisinin hansı yerlərindən keçir?

- Həqiqətən, bəzi Avropa müəllifləri təklif edirlər ki, sərhəd Baş Qafqaz sıra dağlarından yox, Gürcüstanda Kolxida və Azərbaycanda Kür-Araz ovalığının ortasından keçsin. Bu halda Azərbaycanın təxminən 40-50 faizi Avropaya düşmüş olur. Ancaq bu təklifi dəstəkləyən azdır, çünki onun elmi əsası zəifdir. Daha real olan isə birinci variantdır, yəni Baş Qafqaz sıra dağları ilə keçən sərhəd. Bu halda Azərbaycan ərazisinin 10 faizi Avropa qitəsinə düşür. Buraya Azərbaycanın şimal rayonları-Qusar, Quba, Xaçmaz, Şabran, Siyəsən, Xızı rayonun bir hissəsi, Sumqayıt, Abşeronun bir hissəsi daxil edilir. Bu ərazilərin ümumi sahəsi təxminən 8-9 min kvadrat kilometrdir. Bu da ərazinin 16-da bir deyil, 10-da bir hissəsi edir. Amma bu variant da dəqiqləşdirilməlidir, xüsusilə Abşeron yarımadasında. Avropa və Asiya qitələrinin sərhədinin Baş Qafqaz sıra dağlarından və ya Kür-Araz ovalığından keçməsindən asılı olmayaraq, hər iki halda Azərbaycan transkontinental dövlət statusuna malik olur.

Bəziləri deyir ki, ölkəni bölmək istəyirsiniz?!

- Sizcə, Azərbaycanın coğrafi baxımından Avropaya daxil olması ölkəmiz üçün nələri dəyişə bilər?

- Əvvəla, istənilən nəticə subyektiv fikirlərə deyil, elmi əsaslara söykənməlidir. Bu baxımdan alınacaq nəticə Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən təsdiqləndikdən sonra Avropa və Asiya qitələrinin sərhədi dəqiqləşmiş olacaq və bu sərhəd xətti bütün orta məktəb coğrafiya dərsliklərində, ensiklopedik məlumat kitabçalarında və müxtəlif təyinatlı (coğrafi, geoloji, siyasi, iqtisadi, turizm və s.) xəritələrində öz əksini tapacaq. İkincisi, bizim Avropaya aidliyimizi şübhə altına almağa səy göstərənlər birdəfəlik anlayacaqlar ki, biz asiyalı olduğumuzla bərabər, həm də avropalıyıq. Abşeronda iki qitə sərhədinin keçdiyi münasib yerdə mövzuya dair möhtəşəm bir obelisk və ya "Şərqin Qapısı" adlı əzəmətli kompleks yaradılarsa, ölkəmizə gələn turistlər üçün maraqlı obyekt olar. Heç şübhəsiz ki, bütün bunlar da Azərbaycanın dünyada daha da tanınmasına xidmət edəcək. Sərhədlər yenidən müəyyən edildikdən sonra Avropa ilə Asiyanın sərhədini göstərən dünya xəritələri yenidən hazırlanmalı, coğrafiya dərsliklərində müəyyən düzəlişlər edilməlidir. Bəziləri deyir ki, sərhədləri yenidən müəyyənləşdirməklə ölkəni bölmək istəyirsiniz? Ancaq söhbət ölkəni bölməkdən getmir, sərhədə çəpər çəkilmir, buraya sərhədçilər qoyulmur. Bu, elmi və simvolik bir məsələdir. İstanbulun yarısı Avropa, yarısı Asiyadadır. Məgər burda nə isə problem yaranıb? Sadəcə olaraq, iki qitədə yerləşən bu şəhər turizm üçün maraqlıdır. Dünyada iki qitədə yerləşən 5-6 ölkə var. Yeni bölgü ilə Azərbaycan da onlardan biri ola bilər.

- Azərbaycanın Avropa qitəsinə daxil olması hazırkı dövrdə nələrdən asılıdır? Bu, reallaşa bilərmi?

- Azərbaycan onsuz da Avropa ölkəsi sayılır. Ancaq burada söhbət sırf elmi, coğrafi nöqteyi-nəzərdən gedir. Azərbaycan coğrafi cəhətdən Avropanın bir hissəsidir. Azərbaycan rəsmi sənədlərdə də Avropa ölkəsi kimi gedir. Azərbaycan ATƏT-in, Avropa Şurasının, UEFA-nın və digər siyasi, iqtisadi və idman təşkilatlarının üzvüdür. Birinci Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi də Azərbaycanın Avropa ölkəsi olmasının sübutudur. İlkin olaraq, Azərbaycanda bu sərhədlər dəqiqləşdirilməlidir. Bundan sonra bu məsələ ilə bağlı Beynəlxalq Coğrafiya Cəmiyyətinə müraciət etmək lazımdır. Yaxşı olar ki, bu müraciət Rusiya ilə birlikdə olsun.

Azərbaycan Avropaya daxil edilsə, bütün dünya xəritələrində düzəlişlər ediləcək

- Rusiyanın bu işdə marağı nədən ibarətdir?

- Yenə də hər şey elmi əsaslara söykənməlidir. Sərhəd də coğrafi anlayış olduğu üçün təbii amillərə əsaslanmalıdır. Bu nöqteyi-nəzərdən sərhədin dəqiqləşməsi Rusiya üçün də vacibdir. Baxmayaraq ki, onlar üçün əslində çox şey dəyişmir. Çünki onlar hazırda da ən böyük transkontinental ölkədirlər. 2010-cu ildə Rusiya və Qazaxıstan alimləri sərhədin Rusiya və Qazaxıstan ərazilərindən keçən hissələrini dəqiqləşdiriblər. Qafqaz bölgəsində isə onlar bu işi aparmayıblar. Beynəlxalq Coğrafiya Cəmiyyətinin konfranslarının birində bu məsələ müzakirəyə qoyula bilər. Onda bütün dünya alimləri də bu müzakirələrdə iştirak edərlər. Əgər irəli sürülən təklif realdırsa, onda o qəbul edilir və bütün dünya xəritələrində düzəlişlər aparılır.

- İqtisadi, sosial, mədəni tərəflərindən başqa, məsələnin başqa tərəfi də maraqlıdır. Avropa və Asiya qitələrində iqlim və digər coğrafi şərait baxımından hər hansı fərqlər varmı?

- Bu, çox adamın tez-tez maraqlandığı sualdır. Bosfor boğazının bu tərəfində də, o tərəfində də hava da eynidir, torpaq da. Ancaq böyük qitələr-Avropa ilə Amerika arasındakı məsafəni nəzərə alanda görünür ki, iqlim şəraiti, bitki və heyvanlar aləmi bir qədər fərqlidir. Bu fərq də qitələrin yalnız tarixən ayrı olması ilə bağlı deyil. Təbii ki, Yer kürəsində iqlim dəyişiklikləri, Günəşin şüalarının təsiri və s. amillər var. Vaxtı ilə bütün qitələr bir yerdə vahid qitə olan Pangeyanı təşkil edirdilər. 200 milyon il əvvəl bu superqitə daha xırda qitələrə parçalanmağa başladı. Yeni qitələrin toqquşması nəticəsində sıra dağlar əmələ gəldi. Ərəbistan ilə Avrasiya qitələrinin toqquşması nəticəsində Qafqaz sıra dağları yaranıb. Yaxud Himalay dağları Avrasiya qitəsi ilə Hindistan yarımqitəsinin toqquşması nəticəsində əmələ gəlib. Əlbəttə ki, Qafqaz sıra dağlarının o tərəfi ilə bu tərəfi arasında coğrafi şərait baxımından az da olsa, fərq var. Şimali Qafqazla Cənubi Qafqazın istər bitki örtüyü, istər iqlimində fərq cüzidir. Çünki milyon illər bundan əvvəl formalaşmış vahid quru sahəsi olduğu üçün burada fərq çox ola bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti