...

Yol polisi Bakıda avtomobilini icazəsiz yerdə saxlayan sürücülərə qarşı “müharibə”yə başlayıb

Cəmiyyət Materials 18 Noyabr 2013 13:00 (UTC +04:00)
Yol polisi Bakıda avtomobilini icazə verilməyən yerdə saxlayan sürücülərə qarşı reydlər keçirir.
Yol polisi Bakıda avtomobilini icazəsiz yerdə saxlayan sürücülərə qarşı “müharibə”yə başlayıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İzzət/

Yol polisi Bakıda avtomobilini icazə verilməyən yerdə saxlayan sürücülərə qarşı reydlər keçirir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, son günlər paytaxt ərazisində dayanma, durma, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolların hərəkət hissəsində ikinci cərgədə, piyada səkilərində, yolların kəsişmə hissələrinə yaxın məsafələrdə avtomobillərin saxlanması ilə əlaqədar şəhərdə sıxlıq və tıxaclar yaranır ki, bu da haqlı olaraq əhalinin, xüsusilə də sürücülərin və ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur.

Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt küçələrində reydlər keçirir: "Noyabrın 16-dan etibarən paytaxtın mərkəzi küçə və prospektlərində reydlərin keçirilməsinə başlanıb. Reydlər keçirilən zaman avtomobillərin evakuasiya edilməsi, eləcə də yol patrul avtomobillərinə quraşdırılmış bort-kompüterlər vasitəsilə fotomaterialların hazırlanması həyata keçirilib, həmçinin yerindəcə inzibati qaydada protokollar tərtib edilib. Beləliklə, 3 gün ərzində 100-dən artıq sürücü inzibati qaydada məsuliyyətə cəlb edilib. 4 sürücü 3 gün ərzində eyni yerdə eyni xətanı törətdiyi üçün ikinci dəfə məsuliyyətə cəlb olunub".

Vaqif Əsədov qeyd edib ki, tədbirlər Nizami, Xaqani, 28 May, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Rəsul Rza, Səməd Vurğun küçələri, Bülbül, Azadlıq prospektləri və digər mərkəzi küçə və prospektlərdə keçirilir.

Daha təsirli tədbirlərin görülməsi məqsədilə tədbirlər davam etdiriləcək: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sürücülərinin nizam-intizama dəvət edilməsi məqsədilə xəbərdarlıq edir ki, "Yol hərəkəti haqqında" Qanunun tələblərinə hörmətlə yanaşılsın və bu tələblər yerinə yetirilsin. Sürücülər onu da düşünsünlər ki, istifadə müddətindən asılı olmayaraq, paytaxtın mərkəzi küçələrində tikilmiş avtomobil duracaqlarından istifadə xərci yol polisi tərəfindən tərtib olunmuş inzibati protokola əsasən edilən cərimə ilə müqayisədə dəfələrlə azdır. Sürücülər, onların dili ilə desək, "bir dəqiqəlik saxlamışam"a görə tərtib edilən cərimə məbləğinin dayanacaqlarda 2-3 saata görə ödənilən istifadə haqqından dəfələrlə baha başa gəlməsinin fərqinə varsalar, yaxşı olar."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti