Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda orta məktəb dərsliklərinin keyfiyyətinə nəzarətin həyata keçirilməsində qeyri-dövlət strukturlarının da iştirakı təklif edilib.
Trend-in məlumatına görə, belə təklifi təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının yığıncağında çıxışı zamanı səsləndirib.
M.Cabbarov deyib ki, bu gün dərsliklərin keyfiyyətinə dövlət tərəfindən nəzarət edilir.
Nazirin sözlərinə görə, bu il aparılan islahatlar nəticəsində dərsliklərin məzmunca hazırlanması ilə onların çapı prosesi ayrılıb. Bu da ilk növbədə dərsliklərin ən savadlı şəxslər tərəfindən hazırlanmasına xidmət edir.
M.Cabbarov qeyd edib ki, dərsliklərin metodoloji baxımdan hazırlanması formasının dəyişdirilməsi nəzərdə tutulur. Onun fikrincə, yeni hazırlanan dərsliklər ilk növbədə sınaqdan keçirilməlidir.
Nazirin sözlərinə görə, ali məktəblər dərsliklərin hazırlanması ilə bağlı keçirilən tenderlərdə iştirak etmirlər: "Bu gün bir tərəfdən ali məktəblərin maliyyələşdirilməsi mexanizmini axtarırıq. Ancaq bizim bu sahədə ən yaxşı müəllimlərimiz ali təhsil müəssisələrində deyillərsə, o zaman onlar hardadırlar? Burada söhbət həm idarəetmə baxımından gedir, həm də düzgün həvəsləndirmə sistemindən gedir".