...

Dövlət İdarəçilik Akademiyasında tələbələrə pulsuz kitablar paylandı

Cəmiyyət Materials 25 Dekabr 2013 12:06 (UTC +04:00)
Tədbir çərçivəsində tələbələrə AHK-nın və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə çap etdirdiyi 15 adda kitab hədiyyə olunub.
Dövlət İdarəçilik Akademiyasında tələbələrə pulsuz kitablar paylandı

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə akademiyanın tələbələrinə hüquq sahəsində dərsliklərin və dərs vəsaitlərinin hədiyyə olunması mərasimi keçirilib.

Trend-in məlumatına görə, 200 tələbəyə kitabların pulsuz paylandığı tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AHK-nın sədri Əli Hüseynli, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi vəzifəsini icra edən Əhməd Cəlil Sahibzadə iştirak ediblər.

Tədbir çərçivəsində tələbələrə AHK-nın və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə çap etdirdiyi 15 adda kitab hədiyyə olunub.

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov bu təşəbbüsün müəlliflərinə dərin minnətdarlığını bildirərək hədiyyə edilən kitabların bütün tələbələr üçün əvəzsiz dərəcədə səmərəli olacağını qeyd edib.

Əli Hüseynli isə bildirib ki, son zamanlar elektron kitabların çoxalması ilə bütün dünyada, o cümlədən Azərbaycanda çap üsulu ilə nəşr olunan kitablara maraq azalıb. Lakin bunun bir günahı da nəşriyyatların özündədir. Onun sözlərinə görə, hüquqa dair kitablar o dərəcə maraqlı olmasa da, onları oxumaq və bəhrələnmək vacibdir.

Əhməd Cəlil Sahibzadənin fikrincə, bu kitablar tələbələr üçün həm təhsili müddətində, həm də gələcəkdə çox yararlı olacaq.

Tələbələrə Vüqar Əsgərovun "Dövlət qulluğuna dair normativ hüquqi səndlər və sınaq test nümunələri", doktor Mübariz Yolçuyevin "Sığorta hüququ", Hüquq üzrə fəlsəfə doktoru Etibar Əliyevin "Beynəlxalq nəqliyyat hüququ" (Azərbaycan dilində) və "Beynəlxalq nəqliyyat hüququ" (ingilis dilində), Dr. Əfsər Sadıqovun "Beynəlxalq enerji hüququ enerji təhlükəsizliyinin təminat sistemi kimi", Əkrəm Həsənovun "Azərbaycan Respublikasının Bank Hüququ" (rus dilində), Bernard.M.Dikkensç, Rebekka C.Kuk və Ester Kismodinin "Reproduktiv Sağlamlıq - Etik şərhlərlə misallar", Səadət Yusifovanın "Kosovo problemi və Beynəlxalq hüquq", Hüquq üzrə fəlsəfə doktoru, AMEA İnsan Hüquqları Elmi Tədqiqat İnstitunun direktoru Aytən Mustafayevanın "Bioetika, Hüquq və İnsan Hüquqları", Fərhad Mehdiyevin "İnsan Hüquqları", Amil Məhərrəmovun "İqtisadi Diplomatiya", Vüqar Məmmədovun "Məhkəmə Təbabəti", Əkrəm Həsənovun "İş və xidmət müqavilələri: Mülki Məcəllənin Kommentariyası", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən tərcüməyə maddi dəstək verilmiş "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlər üzrə Qərarlarının toplusu" hədiyyə olunub.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr olunan bütün kitablarda Aida Mahmudovanın rəhbərlik etdiyi YARAT! Müasir İncəsənət Məkanının əsərləri yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti