...

Azərbaycanın ən aktiv palçıq vulkanlarından olan "Şıxzərli"də son püskürmənin səbəbi məlum oldu

Cəmiyyət Materials 17 Yanvar 2014 16:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Qobustandakı, eləcə də Azərbaycanın ən aktiv və iri palçıq vulkanlarından biri olan "Şıxzərli"də baş vermiş son püskürmənin səbəbini açıqlayıb.
Azərbaycanın ən aktiv palçıq vulkanlarından olan "Şıxzərli"də son püskürmənin səbəbi məlum oldu

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Qobustandakı, eləcə də Azərbaycanın ən aktiv və iri palçıq vulkanlarından biri olan "Şıxzərli"də baş vermiş son püskürmənin səbəbini açıqlayıb.

İnstitutun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev Trend-ə deyib ki, "Şıxzərli" vulkanı zəlzələ nəticəsində püskürüb: "Həmin vulkandan 18 km Şamaxıya tərəf olan ərazidə baş vermiş zəlzələ "Şıxzərli"nin püskürməsinə səbəb olub. Zəlzələ həmin vulkan püskürməsindən 2-3 gün əvvəl baş verib".

A.Əliyev qeyd edib ki, zəlzələ və vulkan püskürməsinin eyni gündə baş verməsi mütləq deyil. Ancaq bəzən belə hallar da olur: "Məsələn, 1902-ci ildə Şamaxının batması ilə nəticələnən Şamaxı zəlzələsinin baş verməsindən 15 dəqiqə sonra "Şıxzərli" vulkanı güclü püskürmüşdü. Belə güclü zəlzələ vulkanın elə həmin gün püskürməsinə səbəb olur. Seysmik dalğa 1-2 gün sonra vulkana gəlib çatdıqda da vulkan püskürür. Biz müəyyən etmişik ki, vulkan gərək özü enerji toplayaraq püskürmə üçün hazır olsun. Zəlzələ isə onun püskürməsinə təkan verir".

Hazırda "Şıxzərli" vulkanında sabit vəziyyətin olduğunu deyən A.Əliyev bildirib ki, vulkan püskürdükdən sonra onda toplanan enerji kənara çıxıb.

Şöbə müdiri deyib ki, ümumilikdə 2013-cü ildə Azərbaycanda 2 güclü vulkan püskürməsi qeydə alınıb. Ötən ilin aprel ayında Haçıqabul rayonundakı "Axtarma-Paşalı" vulkanında, dekabrın 20-də isə Qobustanın ən aktiv və iri vulkanı olan "Şıxzərli"də püskürmə qeydə alınıb. 1848-ci ildən başlayaraq püskürən "Şıxzərli" vulkanında ötən il baş vermiş püskürmə sayca 23-cü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti