...

Ramil Usubov: Radikal dini təriqətlərin və ekstremizmin qarşısının qətiyyətlə alınması istiqamətində məqsədyönlü iş aparılmalıdır

Cəmiyyət Materials 28 Yanvar 2014 16:55 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də DİN-də 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Ramil Usubov: Radikal dini təriqətlərin və ekstremizmin qarşısının qətiyyətlə alınması istiqamətində məqsədyönlü iş aparılmalıdır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 2013-cü il ərzində bütün dövlət orqanları üzrə 22 min 891 cinayət qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 28-də DİN-də 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov xüsusilə vurğulayıb ki, yola saldığımız 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi kursunun uğurlu inkişafı, xüsusən zati-alilərinin xalqımızın yekdil etimadı ilə yenidən dövlət başçısı seçilməsi ilə əlamətdar olub. Ölkə həyatının bütün sahələrində müsbət nəticələr əldə edilib, o cümlədən davamlı şəkildə həyata keçirilən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan sabitlik və daxili təhlükəsizlik etibarlı qorunub.

Qeyd edilib ki, hüquq-mühafizə siyasətinin təkmilləşdirilməsi ilə bağlı möhtərəm Prezidentin fərman, sərəncam və tapşırıqlarından, aidiyyəti plan və proqramlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilib. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub, vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyib.

İclasda daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22 min 891 cinayət qeydə alınıb: "Onların 91,4 faizini və ya 20 min 465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara operativ reaksiya verilməsi məqsədilə ötən ilin ilk günlərindən etibarən sistemli şəkildə həyata keçirilən təşkilati-praktiki tədbirlər əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını təmin edib, cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirib. Belə ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər azalaraq 20 min 465 fakt təşkil edib".

R.Usubovun sözlərinə görə, cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil edib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət "isti izlər"lə açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.

Nazir əlavə edib ki, cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının əhəmiyyəti də böyük olub: "Təkcə "102" xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınıb, habelə 2764 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları ilə 105 cinayət açılıb, 8401 yol-nəqliyyat hadisəsi, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 121 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılıb, axtarılan 1264 şəxs müəyyən edilib".

Daxili işlər naziri bildirib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12 min 361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib.

Qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarına hörmətin bərqərar olunmasında mühüm rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının fəaliyyəti də qənaətbəxşdir. Hesabat dövründə müstəntiqlərin icraatında 21 min 199 cinayət işi olub. 2012-ci illə müqayisədə istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı 3 faiz artıb.

Nazir deyib ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələrlə müşayiət olunub. Ötən il bu sahədə ictimai münasibətləri tənzimləyən 15 qanunvericilik aktı qəbul edilib, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan bir sıra inzibati xətalara görə sanksiyalar sərtləşdirilib.

Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə hüquqi islahatların, böyük infrastruktur layihələrinin və sosial proqramların uğurla həyata keçirildiyini xatırladıb, respublikamızda gedən geniş quruculuq, inkişaf proseslərində mühüm amillərdən olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu, eyni zamanda, aidiyyəti dövlət proqramlarından, milli fəaliyyət planlarından irəli gələn vəzifələrin lazımi səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, asayişin qorunması sahəsində bir sıra uğurlar əldə edildiyini vurğulayıb.

Məruzə ətrafında aparılan müzakirələr zamanı çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Daxili Təhqiqatlar İdarəsinin rəisi Rasim Musayev və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildiriblər.

İclasa yekun vuran nazir daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirmələri üçün dövlət başçısı tərəfindən hər cür şəraitin yaradıldığını, ötənilki fəaliyyətin yekunlarının ümumilikdə müsbət qiymətləndirildiyini, polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi qayğı ilə əhatə olunduğunu xatırladaraq arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulayıb, bəzi konkret tapşırıq və tövsiyələrini verib.

O deyib ki, cənab Prezidentin müəyyən etdiyi məqsədlərə nail olmaq, həmçinin müasir dövrün çağırış və təhdidləri baxımından cari ildə qarşımızda çox məsul vəzifələr durur. İlk növbədə, cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır: "Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır".

Nazir əlavə edib ki, əsas vəzifələrdən biri olan vətəndaşların ərizə və şikayətlərinə baxılmasına böyük həssaslıqla yanaşılmalı, daxil olan müraciətlər ətraflı və obyektiv yoxlanılmalı, onların pozulmuş hüquqlarının bərpası tam təmin edilməlidir. Şəxsi heyətin peşəkarlıq səviyyəsi də daim artırılmalı, bu sahədə peşə hazırlığı sistemində məqsədyönlü tədbirlərin keçirilməsinə önəm verilməlidir. Ərazi polis orqanlarının rəisləri və nizami hissələrin komandirləri xidmətə qəbul prosesində namizədlərin intellektual səviyyəsinə, fiziki inkişafına və müəyyən edilmiş digər meyarlara ciddi diqqət yetirməlidirlər.

General-polkovnik R.Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, qarşıya qoyulmuş məsul tapşırıqları 2014-cü ildə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti