...

Azərbaycanda benzin qıtlığının yaranması məsələsinə aydınlıq gətirildi

Cəmiyyət Materials 30 Yanvar 2014 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın daxili bazarında avtomobil benzini qıtlığı yoxdur. Bunu Trend-ə ölkədə neft məhsullarının yeganə istehsalçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə deyib.

Onun sözlərinə görə, hazırda ölkədə istehsal edilən benzinin həcmi respublikada bu yanacaq növünə olan tələbatı ödəyir: "Hökumətin 2014-cü ilədək 92 və 95 oktan ədədli benzinin idxalının gömrük rüsumları və aksiz vergisindən azad edilməsinə dair qərarı çox güman ki, ölkədə benzin qıtlığı ilə deyil, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik krekinq qurğusunun quraşdırılmasının dayandırılması planı ilə bağlıdır.

Mənbə deyib ki, qurğunu yenidənqurma üçün dayandırmaq və aprel ayı ərzində gücünün artırılması üzrə işlərin aparılması planlaşdırılır ki, bu da ölkədə benzin istehsalına təsir edəcək. Bu, mövcud həcmlərin dəyişməsinə ehtiyac yarada bilər.

Mənbənin sözlərinə əsasən, katalitik krekinq qurğusunun işinin dayanması dövründə 92 və 95 oktan ədədli benzinin ölkəyə idxalı və bölüşdürülməsi bilavasitə ARDNŞ (qeyd edilən oktan ədədli benzini istehsal edir və Azərbaycanda satışını həyata keçirir) tərəfindən həyata keçiriləcək: "Lakin bu, avtomobil yanacaqdoldurma məntəqələrinin operatorlarının öz qərarlarına əsasən aldıqları 98 oktan ədədli benzinə şamil edilmir".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rusumundan azad edilib. Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb.

Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.

Xatırladaq ki, Azərbaycanda neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

Belə ki, Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin hər birinin qiyməti isə 55 qəpik təşkil edirdi. Azərbaycanda bunda qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

Azərbaycanda neft məhsulları Bakının iki Neft Emalı Zavodunun bazasında istehsal edilir. Hər iki zavodun birgə gücü ildə 16 milyon ton neft təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti