...

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2013-cü il üzrə illik məruzə dinlənilib

Cəmiyyət Materials 14 Fevral 2014 12:50 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə dinlənilib.
Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2013-cü il üzrə illik məruzə dinlənilib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi bağlı ilə 2013-cü il üzrə illik məruzə dinlənilib.

Trend-in məlumatına görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2013-cü il yerli özünüidarəetmə orqanlarının fəaliyyəti baxımından uğurlu il olub. Bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək abadlaşdırma və quruculuq işlərində fəal iştirak edib, sosial-iqtisadi layihələr həyata keçirilib. Bütövlükdə, bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artıb. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib. Dövlət tərəfindən bələdiyyələrə kömək üçün ayrılan vəsaitin 2013-cü ildə də artırılması onların işini daha da yaxşılaşdırıb, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb.

Ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1855 müraciət (2012-ci illə müqayisədə 17% çox) daxil olub. Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub. Beləliklə, müraciətlərin 52%-i torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olub. Daxil olan müraciətlərə baxılarkən onlardan 263-ü aidiyyəti üzrə göndərilib, 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilib. 25 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırma nəticəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Nazirliyə təqdim olunan bələdiyyə aktlarının sayı 2012-ci illə müqayisədə xeyli artıb. Belə ki, il ərzində hüquqi ekspertizadan keçmək üçün 59 858 bələdiyyə aktı (2012-ci illə müqayisədə 14% çox) daxil olub. Bunlardan 2684 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə göndərilib və həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilib.

Nazir müavini bildirib ki, qanunsuz qərarların ləğvi ilə bağlı nazirliyin verdiyi təkliflərin təmini də xeyli artıb. Bu səbəbdən qanunazidd bələdiyyə qərarlarının məhkəmə vasitəsilə ləğv edilməsi zərurəti də əsaslı şəkildə azalıb. Belə ki, 2007-2012-ci illər ərzində bələdiyyələr tərəfindən təmin edilməmiş təkliflərlə bağlı müvafiq məhkəmələrdə qaldırılan iddiaların sayı 479 olduğu halda, 2013-cü ildə cəmi 4 iddia verilib.

İl ərzində 3460,5 ha torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilmiş 3196,66 ha torpaq sahəsi, mülkiyyətə verilmiş 242,78 ha torpaq sahəsi və istifadəyə verilmiş 21,05 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilib və bununla bağlı 364 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Onlardan bəziləri hətta iki dəfə məsuliyyətə cəlb edilib.

Prokurorluğa göndərilmiş 25 materialdan 7-si üzrə cinayət işi qaldırılıb, onlardan 3-cü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə artıq ittiham hökmü çıxarılıb. Həmçinin, 1 material üzrə cinayət işinə xitam verilib, 3 material üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır.

O, qeyd edib ki, bələdiyyə üzvləri üçün keçirilmiş 22 kursda 1633 bələdiyyə qulluqçusu iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti