Azərbaycan, Bakı, 20 fevral /Trend/
Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko kütləvi iğtişaşlardan sonra bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına silah verilməsi barədə əmr imzalayıb və silahın tətbiq edilməsinə icazə verib.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Onun sözlərinə görə, əmr Təhlükəsizlik Xidməti yanında Antiterror Mərkəzinin fəaliyyəti çərçivəsində imzalanıb və silah "Milis haqqında" qanuna uyğun olaraq tətbiq ediləcək.
Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda artıq 35 nəfər həlak olub, 800-ə yaxın adam zərər çəkib.