Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/
Ötən il Azərbaycanda qeyri-müəyyən vəziyyətdə yaşayan 231 əcnəbi şəxsə ölkə vətəndaşlığı verilib. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Bakıda "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
P.Musayev qeyd edib ki, hazırda tam gücü ilə işləmək qabiliyyətində olan DMX Azərbaycana gələn hər bir vətəndaşın nə vaxt, harada, nə qədər yaşadığına nəzarət edə bilir.
Onun sözlərinə görə, Azərbaycan artıq miqrantların təyinat ölkəsinə çevrilib. Belə ki, 2013-cü ildə DMX tərəfindən Azərbaycanda yaşamış 140 mindən artıq əcnəbi vətəndaş olduğu yer üzrə qeydiyyata salınıb. Onlardan 11 min nəfərdən çoxuna ölkə ərazisində müvəqqəti yaşama icazəsi verilib.
DMX rəisinin müavini bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra böyük miqrasiya ordusu ilə üz-üzə qalıb. Azərbaycan münaqişə nəticəsində Ermənistandan qovulmuş yüz minlərlə soydaşımızı, eləcə də Özbəkistandan gəlmiş 250 min nəfərə qədər məshəti türklərini qəbul edib: "1 milyon daxili miqrantla üz-üzə qalan Azərbaycan müharibəyə cəlb olunan bir dövlət kimi bu prosesin öhdəsindən gəlməlidir. Bunu ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu işin öhdəsindən gəlməyə çalışırıq".