...

Qubanın ağ alması qara günlərini yaşayır

Cəmiyyət Materials 15 Aprel 2014 14:35 (UTC +04:00)
Qubanın ağ alması qara günlərini yaşayır. Əldə edilən məhsulun ucuz qiymətə satılması və çəkilən xərci ödəməməsi fermerləri narahat edir.
Qubanın ağ alması qara günlərini yaşayır

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Qubanın ağ alması qara günlərini yaşayır. Əldə edilən məhsulun ucuz qiymətə satılması və çəkilən xərci ödəməməsi fermerləri narahat edir.

Trend Regional TV-yə istinadən xəbər verir ki, bu səbəbdən qubalı fermerlər alma bağlarının sayını azaltmağı planlaşdırır.

31 ildir meyvəçiliklə məşğul olan Gülməməd Məmmədovun 3 hektar alma bağı var. Amma gələn ildən həmin sahələri azaltmaq fikrindədir. Bunun da əsas səbəbi Quba almasına olan təlabatın azalmasıdır. Fermer ötən il bağından bol məhsul əldə etsə də, alma üçün təklif olunan qiymət onu razı salmır. Çünki qiymət almanın yetişdirilməsinə çəkilən xərci ödəmir.

Son zamanlar almanın Rusiya bazarlarına aparılması da xeyli azalıb. Yol xərci baha olduğundan bu ölkənin bazarlarına meyvə aparmaq sərfəli deyil. Fermerlər yeganə çıxış yolunu məhsulun soyuducu anbarlarda saxlanılmasında görür. Soyuducu anbarlarda saxlanılan məhsul keyfiyyətini itirmir. Amma bu da fermerə baha başa gəlir. 1 ton məhsulun soyuducu anbarda saxlanılması üçün fermerlər ayda 40 manat vəsait ödəyirlər. Burada qalan meyvə 11 ay öz təbiiliyini itirmir. Məhsulların həyətyanı sahələrdə saxlanılması isə sonda meyvənin 60-70%-nin itkisi ilə nəticələnir.

Hazırda şimal bölgəsində 27 min hektar meyvə bağı var. Onların 70%-ni alma bağları təşkil edir. Ötən il Quba rayonunda bağlardan 120 643 ton meyvə toplanıb. Mütəxəssislər bu il də bağlarda bol məhsul olacağını proqnozlaşdırırlar. Fermerlər buna sevinməklə yanaşı, indidən əldə edəcəkləri məhsulu necə satacaqlarını düşünürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti