Azərbaycan, Bakı, 16 aprel /Trend/
Azərbaycan Milli QHT Forumu "Japon Tobacco International" (JTI) şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir rayonunun Qarasaqqal kəndində su təmizləyici qurğu yerləşdirib.
Qeyd edək ki, 2 minə yaxın əhalisi olan kənd texniki su standartlarına uyğun olmayan arx suyundan istifadə edirdilər. Kəndin mərkəzində yerləşdirilmiş qurğu kanal suyunu bir neçə təbii ekoloji təmiz texnologiyadan keçirərək içməli su halına gətirir.
Azərbaycan Milli QHT Forumunu rəhbərli Rauf Zeyni, MQF-nin icraçı direktoru və layihə rəhbəri Gunel İbrahim, JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərləri və Kurdəmir rayon İcra Hakimiyyətinin nümayəndələri açılış mərasimində iştirak ediblər. MQF-nin prezidenti R.Zeyni dövlətin bu sahədə həyata keçirdiyi layihələri vurğulayaraq vətəndaş cəmiyyətinin və kommersiya təşkilatlarının birgə əməkdaşlığının ölkənin inkişafında əhəmiyyətini qeyd edib. O bildirib ki, belə layihələrdə dövlət qurumlarının dəstəyi də çox önəmlidir.
Əhalinin içməli su ilə təmin edilməsi kimi layihələri öz korporativ xeyriyyə proqramına daxil edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Namik Quliyev şirkətin gələcəkdə də belə layihələrə dəstək olacağını vurğulayıb.
Daha sonra su qurğusunun açılışını bildirən rəmzi lent kəsilib və qurğu yerli sakinlərin istifadəsinə verilib.