...

DİN Tərtərdə tolerantlıqla bağlı konfrans keçirib

Cəmiyyət Materials 27 May 2014 17:44 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans mayın 27-də Tərtər rayonunda keçirilib.
DİN Tərtərdə tolerantlıqla bağlı konfrans keçirib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans mayın 27-də Tərtər rayonunda keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib, dini ayrı-seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tərtər RPŞ-nin rəisi, polis polkovniki Rauf Məcidov çıxışında rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional şöbəsinin nümayəndəsi Əlizadə Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə dini icmasının sədri Sadiq Cəfərov, Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, rayon Gənclər Mərkəzinin sədri İsmayıl Məmmədov və digər şəxslər dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıb, bölgələrdə belə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti