...

Başar Kömür: Azərbaycan diasporu akademik səviyyədə təşkilatlanmalıdır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 6 İyun 2014 11:24 (UTC +04:00)
Bildiyimə görə, Azərbaycan Mədəniyyət Mərkəzi Avropada yaranan ilk təşkilatlardan biridir.
Başar Kömür: Azərbaycan diasporu akademik səviyyədə təşkilatlanmalıdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bu günlərdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir qrup jurnalist Almaniyada səfərdə olub. Trend-in əməkdaşının da iştirak etdiyi səfərdə jurnalistlər Almaniyanın Mayns şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Başar Kömürdən müsahibə alıblar. Həmin müsahibəni təqdim edirik:

- Təşkilatınızın işləri necə gedir? Əsas fəaliyyətiniz nədən ibarətdir?

- Bildiyimə görə, Azərbaycan Mədəniyyət Mərkəzi Avropada yaranan ilk təşkilatlardan biridir. 1993-cü ildə yaranıb. Təşkilatın qurucuları 1984-cü ildən Mayns şəhəri ilə paytaxtımız Bakı arasındakı qardaşlaşma münasibətlərinin yaradıcılarıdır. Təşkilat da bunun nəticəsində meydana gəlib. Yəni əlaqələrimiz SSRİ dövründən başlayıb. Təşkilatın yaranması isə artıq Azərbaycan diasporunun yaranmasına gətirib çıxardı. Nəyə görə? Çünki Azərbaycan dövləti vardı. Dövləti olmayan bir təşkilatın formalaşması çox çətin olur. Dövlətimizin azadlığı bizim sevincimizdir. Dövlətimizin mövcudluğu bizim burada təşkilatlanmağımızın səbəbkarıdır.

- Siz təşkilata nə vaxtdan rəhbərlik edirsiniz?

- 1998-ci ildə təşkilatın ilk sədri olan qardaşımız dünyasını dəyişdi. O, Almaniyada Azərbaycan diasporunun sədri idi. Bizim təşkilatımızın əsas məqsədi yaşadığımız ölkədə dövlətimizin, millətimizin mənafeyinə uyğun işlər görmək, onun irsini, mədəniyyətini tanıtmaqdır.

- Başar bəy, Almaniya hökuməti Azərbaycan diasporunun fəaliyyətinə nə dərəcədə önəm verir?

- Fikrimcə, Almaniya dövlətinin ən böyük uğuru xalqının təşkilatlanmış olmasıdır. Burada hər bir ərazidə, hər bir məsələyə görə bir cəmiyyət yaranıb. Almaniya cəmiyyətlər ölkəsidir. Cəmiyyətlərin lobbiçiliyi ilə siyasət, iqtisadiyyat və ictimaiyyət formalaşır. Almaniyada cəmiyyətlərin rolu çox böyükdür. Bizim cəmiyyətimizin də məqsədi bu formada iş görməkdir. İctimai həyatda iştirak etmək, ona təsir göstərmək əsas məqsədlərimizdəndir. Bunun nəticəsi olaraq, insani münasibətlər ictimai münasibətlərin içərisində birləşir və bu, siyasi münasibətlərdə də özünü göstərir. Siz partiyalardan təkliflər almırsınız, istəyinizə görə gedirsiniz. Sizə görə, dövlətinizə, millətinizə yaxşı yanaşan bir partiyada yer alırsınız. Biz ona deyirik ki, mənim rəngimi qəbul edən siyasi partiyada mən də olmalıyam. Çünki mənim rəngim millətimin rəngidir. Millətimin rənglərinə hörmət olan yerdə olmalıyam, orada söz sahibi olmalıyam. Mən 30 ildən çoxdur ki, NATO statusundakı ABŞ ordusunda məsləhətçiyəm. Orada cəmiyyətdəki həmkarlar təşkilatlarının çox böyük önəmi var. Onlar siyasəti də formalaşdırırlar, böyük təsir imkanlarına malikdirlər. Bu həmkarlar federasiyasında yer alanların bu ölkədə öz yeri var, hüququ var.

- Diaspor təşkilatlarının hazırkı durumunu necə qiymətləndirirsiniz? Deyilənə görə, dünyada erməni diaspor təşkilatı daha güclüdür...

- Erməni diasporunun tarixi çox qədimdir. 100 illik təşkilatlanmış rəsmi bir tarixi var. Biz 100 ildir işləyən bir təşkilata qarşı yeni yaranmışıq. 2001-ci ildə Azərbaycan diasporu qanunla öz təşkilatını yaratdı. Bildiyiniz kimi, 2001-ci ildə Birinci Dünya müharibəsi ilə bağlı qurultay Bakıda keçirilmişdi. Həmin il Azərbaycana dünyanın müxtəlif yerlərindən minlərlə insan gəlmişdi. Qurultayda diaspor işlərinin ölkənizin qanun-qaydasına, dünya siyasətinə görə formalaşdırılmasından bəhs olundu. Bu, 2006-cı ildən daha yüksək səviyyəyə qalxdı. Hazırda dünyada rəsmi şəkildə qeydiyyatdan keçmiş Azərbaycan diasporunun təşkilatları var. Bu təşkilatların fəaliyyəti ondan ibarətdir ki, hər kəs yaşadığı ərazidə həm ictimai işlərdə iştirak edir, iqtisadi həyatda rol alır, həm də siyasi məsələlərlə tanış ola bilir.

- Məsələlərlə bağlı çox nikbin danışırsınız...

- Təbii ki. Bu gün gəldiyimiz qənaət odur ki, Azərbaycan diasporunun arxasında dövləti, dövlətin siyasəti var. Xaricdə yaşayan insanın arxasında bir dövlət, bir qurum yoxdursa, onun çox iş görməsi imkansızdır. Burada Azərbaycan dövləti rəsmi siyasətini ortalığa qoyub. Dövlətimizin gerçək nümayəndələri onun xaricdə yaşayan soydaşlarıdır. Dövlət bunu deyir. Bunun nəticəsi nə olur? Deyim... Almaniyada azərbaycanlı millət vəkili var. Adi həkimdir, amma Yaşıllar Partiyasından millət vəkilidir. Demək istədiyim odur ki, artıq azərbaycanlı hər yerdə var. Bildiyimə görə, Yaşıllar Partiyasının "eş başkanı"nın ofisində çalışanlardan biri də azərbaycanlıdır. Artıq Azərbaycan diasporu gəlməli olduğu yerdədir. Biz burada artıq akademik səviyyədə təşkilatlanmalıyıq. Bizim burada təhsil alan tələbələrimizə görə layihələrimiz olacaq. Almaniya dövlətində bunlar var. Amma biz istəyirik ki, onlar Almaniya dövlətinin layihələrinə xidmət etməsinlər, Azərbaycan dövlətinin, millətinin mənafeyinə görə işlər görsünlər. Getdiyiniz yerdə sizinlə əlaqəli nə istəsəniz deyə bilərsiniz, amma getmədiyiniz yerdə yox. Belə olanda özünüz deyər, özünüz eşidərsiniz. Biz artıq Avropada, dünyanın hər bir yerində millətimizin yaxşılığına, barışına xidmət edən hər bir şeyə talibik. Gözəl olan, yaxşı olan hər bir şeyə haqqımız var. Yaşadığımız ölkədə hüquqlarımız var, amma məsuliyyətimiz də var. Biz həm haqqımızı, həm də məsuliyyətimizi yerinə yetirməliyik. Azərbaycan xalqının, dövlətinin, millətinin nümayəndəliyi var. Siz indi burada bir səfirsiniz. Hər bir azərbaycanlı mənə görə bir səfirdir, bir səfir olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti