...

Azərbaycanlı şagird Türk Dünyası Bilik Olimpiadasının qalibi oldu

Cəmiyyət Materials 9 İyun 2014 12:28 (UTC +04:00)
Türkiyənin Әskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər üçün keçirilən ilk Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb.
Azərbaycanlı şagird Türk Dünyası Bilik Olimpiadasının qalibi oldu

Türkiyə, Əskişəhər, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Türkiyənin Әskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər üçün keçirilən ilk Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb.

Trend-in məlumatına görə, olimpiadanın bağlanış mərasimində çıxış edən Beynəlxalq Könüllü Müəllimlər Dərnəyinin rəhbəri İbrahim Әrdoğan bildirib ki, bu olimpiadanın keçirilməsi ilə türk dünyasında bir ilkə imza atıldı. Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan olimpiadada 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak ediblər. Olimpiadada iştirak üçün 1000 layihə təqdim edilib. Onlardan yalnız 100-ü iştirak hüququ qazanıb. Olimpiadanın keçirilməsində məqsəd araşdırmaçı, qərar vermə bacarığı olan kiçik "tədqiqatçılar" yetişdirməkdir.

Olimpiadanın əhəmiyyətindən danişan İ.Әrdoğan deyib ki, belə tədbirlər gələcəyin alimlərinin, tədqiqatçılarının yetişdirilməsinə, şagirdlərin elmə marağının artmasına yardım edir. Bunu nəzərə alaraq, olimpiadanın növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.

Türk dünyasında elmi nailiyyətlərin çox olmasını arzuladığını bildirən İ.Әrdoğan qeyd edib ki, bu gün Türk Dünyası Elmi Tədqiqatlar Mərkəzinin yaradılmasına da ehtiyac var.

Osmanqazi Universitetinin rektoru, professor Həsən Gönen bildirib ki, türkdilli xalqlar daha güclü inkişafa nail olmaq üçün uşaqlarını gələcəyin gözəl mütəxəssisi kimi yetişdirməlidirlər.

Şagirdləri bundan sonra da belə olimpiadada aktiv iştirak etməyə çağıran professor qeyd edib ki, tədbir iştirakçıları Türk Dünyası Bilik Olimpiadasının növbəti illərdə də Әskişəhərdə keçirilməsini arzulayırlar. Rektor iştirakçıların bu təkliflərindən razı qaldıqlarını da söyləyib.

Daha sonra isə olimpiada qalibləri mükafatlandırılıb. Tədbirdə şagirdlər iki - yeni elmi ideya və insanların istifadə etdiyi hər hansı əşyanı yeni fikirlər əsasında daha mükəmməl şəklə gətirmək nominasiyaları üzrə mükafatlandırılıblar.

Yeni elmi ideya nominasiyası üzrə I yeri Türkiyə, II yeri Qazaxıstan, III yeri Azərbaycan şagirdi tutub.

Azərbaycan bu olimpiadada üç şagirdlə - Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədov və Hüseyn Әsədov (müəllim Həsən Qaralov), Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) ilə təmsil olunub. Şagirdlərdən Elçin Məmmədovun yazı yazan robot modeli münsiflər heyəti tərəfindən III yerə layiq görülüb.

İnsanların istifadə etdiyi hər hansı əşyanın yeni fikirlər əsasında daha mükəmməl şəklə gətirmək nominasiyası (tasarım) üzrə I yeri Makedoniya, II yeri Türkiyə, III yeri Tatarıstan Respublikasının şagirdi tutub.

Qaliblərə diplom və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, olimpiada 4-7 iyun tarixlərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti