...

Azərbaycanda qrant müqavilələrinin qeydiyyatı proseduru sadələşdirilə bilər (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2014 20:19
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin müraciətini nəzərə alaraq onlarla görüş keçirib.
Azərbaycanda qrant müqavilələrinin qeydiyyatı proseduru sadələşdirilə bilər (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin müraciətini nəzərə alaraq onlarla görüş keçirib.

Şuradan Trend-ə verilən məlumata görə, görüşdə QHT qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda QHT-lərə verilən bildirişlər, təşkilatların bank hesablarına vəsaitlərin köçürülməsi və çıxarılması, eləcə də QHT gündəmi üçün aktuallıq kəsb edən digər məsələlərlə bağlı geniş müzakirələr oldu.

Şura sədri Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin möhkəmləndirilməsilə bağlı son illər həyata keçirdiyi tədbirlərin böyük ictimai səmərə verdiyini qeyd etdi. O, dövlətin QHT sektoru ilə bağlı siyasətinın tam şəffaf və açıq olduğunu və hər kəsə eyni münasibətin göstərildiyini vurğuladı.

Şuraya daxil olmuş müraciətlər və onların ümumi məzmunu haqqında Şuranın hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev məlumat verdi. Qeyd edildi ki, QHT qanunvericiliyinə edilmiş son dəyişiklilərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda qrant almış təşkilatlara müvafiq bildirişlərin verilməsi və bank hesablarından istifadə məsələlərində bəzi QHT-lər müxtəlif çətinliklərlə üzləşməkdədir. Məsələlərin nizamlanması üçün Şura rəhbərliyi, eləcə də hüquq və monitorinq komissiyası Ədliyyə Nazirliyi, Mərkəzi Bank və digər qurumlarla birlikdə araşdırmalar aparır, QHT-lərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğun şəkildə nizamlanmasına çalışırlar. Şuranın və komitənin birgə səyi nəticəsində bir sıra anlaşılmazlıqlar və problemlər öz həllini tapmışdır.

Çıxış edən QHT sədrləri Mirvari Qəhrəmanlı, Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Hafiz Həsənov, Samir Əliyev, Razi Nurulla, Vüqar Bayramov, Fuad Həsənov, Səadət Bənənyarlı, Elçin Abdullayev, Mehriban Zeynalova, Şövkət Əlizadə, İlqar Hüseynli, Qalib Toğrul, İlham Səfərov, Sabit Bağırov və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikir və təkliflərini bildirdilər.

A.Quliyev irəli sürülən təkliflərin bir daha Şura tərəfindən nəzərdən keçiriləcəyini və ümumiləşdirilərək müvafiq qurumlarla müzakirə ediləcəyini diqqətə çatdırdı.

Sonda aşağıdakı məsələlər haqqında ümumi razılıq əldə edildi:

Gorüşdə qaldırılan məsələlər ətraflı araşdırılsın və onların həlli istiqamətində müvafiq addımlar atılsın. Qrant müqavilələrin qeydiyyatı ilə bağlı hazırlanan yeni qaydalarda QHT-lərin rəy və təklifləri nəzərə alınsın.

QHT-lərin həyata keçirdiyi layihələrdə Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş normaların gözlənilməsi və şəffaflığın artırılması, QHT-Hökumət əməkdaşlığının və qarşılıqlı etimad mühitinin gücləndirilməsi üçün QHT, hökumət və beynəlxalq təşkilatların təmsilçilərindən ibarət "İctimai monitorinq qrupu" yaradılsın.
QHT-lərin nizamnamədən kənar fəaliyyətinin və hakimiyyət uğrunda siyasi mübarizədə alətə çevrilməsinin qarşısının alınması, eləcə də QHT-lərin qanunlara əməl etməsi və milli maraqları daim uca tutması məqsədilə "QHT-lərin etik kodeksi" işlənib hazırlansın.

QHT-lərin xarici donorlardan asılılığının azaldılması və onların ictimai əhəmiyyətli problemlərin həllində daha səmərəli və davamlı iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən ayrılan maliyyə yardımı vəsaitinin həcminin bir neçə dəfə artırılması üçün hökumət qarşısında məsələ qaldırılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti