...

Gəncədə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə təmir edilən cərrahiyyə şöbəsinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2014 19:02 (UTC +04:00)
Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsi əsaslı təmir olunaraq istifadəyə verilib.
Gəncədə Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə təmir edilən cərrahiyyə şöbəsinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsi əsaslı təmir olunaraq istifadəyə verilib.

Təmir işləri Yaponiya hökumətinin maliyə dəstəyi ilə "Gənc liderlər" Təhsil, Təlim və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilib. Şöbənin açılış mərasimində çıxış edən təşkilatın rəhbəri Səbinə Ələkbərova sözügedən şöbədə həyata keçirilən təmir işlərinə ötən ildən başlanıldığını bildirib. O, şöbənin tibbi avadanlıqlarının isə Polşanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə təmin edildiyini söyləyib.

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi çıxış edərək bildirib ki, bu, səfirliyin Gəncədə həyata keçirdiyi 12-ci layihədir. Diplomat qeyd edib ki, 2000-ci ildən bəri Yaponiya xətti ilə "Ot kökləri" qrant yardımı proqramı çərçivəsində Azərbaycanın hər yerində təhsil, səhiyyə, kənd təsərrüfatı və infrastrukturla bağlı 189 qrant müqaviləsi imzalanıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov çıxış edərək müasir formada təmir edilən və yeni avadanlıqla təmin olunan şöbədə yaradılmış şəraitlə bağlı Yaponiya səfirliyinə xüsusi minnətdarlığını bildirdi.

Yaponiyanın Azərbaycandakı səfirliyi ilə bağlanan müqaviləyə əsasən, cərrahiyə şöbəsinin 40 yerlik 12 otağı müasir standartlar səviyyəsində yenidən qurulub, Səhiyyə Nazirliyi tərəfindən ən son tibbi aparat və avadanlıqlarla təmin olunub.

Bu, Yaponiya səfirliyinin Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həyata keçirdiyi üçüncü layihədir. Bundan əvvəl Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 2008-ci ildə xəstəxananın reanimasiya şöbəsi, 2012-ci ildə xəstəxananın travmatologiya şöbəsi təmir edilib, həmçinin Samux rayonunun Qırmızı Samux kəndində kənd tibb məntəqəsi yenidən inşa edilib.

Xatırladaq ki, Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsi Gəncə ilə yanaşı, 9 ətraf rayonun sakinlərinə də xidmət göstərir. Lahiyənin ümumi məbləği 121 813 ABŞ dolları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti