Azərbaycan, Bakı, 12 noyabr /Trend/
12 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş toplantı keçirilmişdir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə on doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı tarixi seçimini edərək ümumxalq səsverməsi - referendum yolu ilə ölkəmizin müstəqillik illərində ilk Konstitusiyasını qəbul etmişdir.
FHN Akademiyasının müəllimləri "Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin şah əsəridir" və "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər ölkədə demokratiyanın inkişafına xidmət edir" mövzularında məruzələr etmişlər.
Sonda Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunan videoçarxın nümayişi olmuşdur.