...

Mikayıl Cabbarov: Bəzi müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi razılaşdırma mərhələsindədir

Cəmiyyət Materials 20 Noyabr 2014 14:11
Hazırda Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi müvafiq qurumlarda razılaşdırma mərhələsindədir.
Mikayıl Cabbarov: Bəzi müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi razılaşdırma mərhələsindədir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbirlər İlhamə İsabalayeva, Elçin Mehdiyev/

Hazırda Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi müvafiq qurumlarda razılaşdırma mərhələsindədir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Nazir bu layihənin qısa müddət ərzində razılaşdırılacağına ümid etdiyini bildirib: "Burada məqsəd sınaq qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarının mərhələli şəkildə artırılması barədə konkret qərarın verilməsidir. Ümid edirik ki, yaxın zamanlarda biz buna nail ola biləcəyik".

M.Cabbarov qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin xüsusi kurslar vasitəsilə təkmilləşdirilməsi imkanları yaradılıb: "Yalnız bundan sonra attestasiya həyata keçiriləcək. Burada biz sosial yanaşmaya üstünlük verdik. Bir sıra, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə birbaşa attestasiya keçirildi. Ancaq biz dövlətin sosial siyasətini nəzərə alaraq, hər hansı müəllimi attestasiyaya dəvət etməmişdən əvvəl öz tərəfimizdən bütün lazımi şəraiti yaratmalıyıq ki, müəllimlərin təkmilləşdirilməsi müvafiq zəif yerləri bilərək həyata keçirilsin".

Nazir qeyd edib ki, müəllimlər üçün sınaq qiymətləndirilmənin, sonra təkmilləşdirmə kurslarının və daha sonra attestasiyasının keçirilməsi və nəticə etibarilə differensiyalaşdırılmış əmək haqqı sistemi gələcəkdə bütün respublika ərazisində tətbiqi oluna bilər.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü ilin sonunda qəbul etdiyi müvafiq qərara əsasən, müəllimlərin maksimal dərs yükü 3 stavkaya və yaxud 36 dərs saatına bərabər ola bilər. Müəllimlərin maksimal dərs saatının 24 saat olması barədə hər hansı bir məhdudiyyət yoxdur: "Bu, köhnə qayda idi. Yeni qayda artıq tətbiq olunur. Əməkhaqqının ödənişinə gəldikdə, 12 saat olan stavka üçün minimal əməkhaqqı 155 manat, maksimal əmək haqqı 207 manatdır".

M.Cabbarov deyib ki, NK tərəfindən verilən 15 avqust 2014-cü il tarixli qərara əsasən, rayon və kəndlərdəki orta məktəblərdə vakant müəllim ştatlarının azaldılması məqsədilə gənc müəllimlərin həvəsləndirilməsi üçün ödənilən vəsaitlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb: "Biz artıq nəticələri görürük. Nəticələr isə ondan ibarətdir ki, rayon və kənd məktəblərində vakant müəllim ştatlarının sayı 3 faizdən 0,78 faizə faizə enib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti