...

Azərbaycan yol polisini narahat edən əsas məqamlar

Cəmiyyət Materials 15 Dekabr 2014 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) onları narahat edən əsas məqamları açıqlayıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda əsasən piyadalarla bağlı məsələlərə xüsusi diqqət yetirilməldir: "Həm maarifləndirmə işləri aparılmalı, həm də mümkün yerlərdə elə yol qurğularından istifadə edilməlidir ki, piyadaların qaydanı pozmağa sadəcə fiziki imkanı olmasın. Bunun üçün müəyyən yol qurğularından istifadə etmək olar. Yolların hərəkət hissəsini ayırıcı zolaqlar, eləcə də metal, şüşə və ya digər materiallardan çəpərlərin çəkilməsi ilə ayırmaq olar. Elə yerlər var ki, orada nəqliyyatın hərəkətinə mane olan səbəblərin aradan qaldırılması istiqamətində müəyyən işlər görülməlidir ki, sürücülər və yaxud piyadalar istəsələr belə, orada qayda pozuntusuna yol verə bilməsinlər".

Şöbə rəisi bildirib ki, ölkədə piyadaların vurulması halları ümumi hadisələrin təxminən 36-38 faizini təşkil edir ki, bu da çox yüksək və narahatedici göstəricidir: "Azərbaycanda həmişə ən çox qəzalar məhz piyadalar vurulması ilə bağlı olur. Bu il piyadaların vurulması ilə nəticələnən 917 yol qəzası baş verib. Nəticədə 344 nəfər ölüb, 644 nəfər isə yaralanıb".

K.Əliyev qeyd edib ki, sürət həddinə nəzarətlə bağlı vəziyyət getdikcə yaxşılaşır: "Müşahidə kameraları və radarların sayı artıqca sürücülər sürət həddinə daha çox riayət etməyə çalışırlar. Bu da sürət həddinin aşılması ilə bağlı yol-nəqliyyat hadisələrin azalmasına təsir edir. Cari ilin ilk 11 ayında surət həddini aşma səbəbindən 690 yol qəzası qeydə alınıb. Nəticədə 349 nəfər ölüb, 566 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə surət həddinin aşınması səbəbindən törədilən hadisələrin sayı 77, ölüm sayı 31, yaralı sayı isə 93 fakt azalıb".

Lakin sərxoş sürücülərlə bağlı ciddi narahatlıq var: "Ötən illə müqayisədə nəqliyyat vasitəsini sərxoş halda idarə edərkən qeydə alınan sürücülərin sayı artıb. Belə ki, ötən il ərzində nəqliyyat vasitəsini sərxoş halda idarə edən 10 500 sürücü aşkar edilmişdisə, bu ilin təkcə 11 ayı ərzində belə sürücülərin sayı 15 500 nəfər olub. Hesabat dövründə sərxoş sürücülər tərəfindən 53 yol qəzası qeydə alınıb. Nəticədə 28 nəfər ölüb, 60 nəfər yaralanıb".

BDYPİ rəsmisinin sözlərinə görə, ciddi narahatlıq yaradan digər problem isə hələ də yol hərəkətində köhnə, uzun müddət istismarda olan nəqliyyat vasitələri ilə bağlıdır: "Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının artmasının qarşısını almaq üçün istismar müddəti bitən avtomobillərin istifadəsinin qadağan edilməsini vacib sayır. Lakin köhnə avtomobillərin utilizasiyası məsələsi hələ də problem olaraq qalır. Biz köhnə avtomobillərin utilizasiyası məsələsinin qanunvericilik səviyyəsində həllini gözləyirik".

Bundan əlavə, K.Əliyev yollarda işıqlandırma məsələlərinə ciddi diqqət yetirilməli olduğunu vurğulayıb: "Çalışırıq ki, yollarda, yolun xüsusilə də yaşayış məntəqələrindən keçən hissələrində işıqlandırma sistemi yaxşı olsun. Çünki məhz belə yollarda piyadaların vurulması ilə bağlı problemlər daha çox olur".

Şöbə rəisinin fikrincə, magistral yollarda xüsusi istirahət yerləri və ya avtomobillərin parklanma yerlərinin inşasına da ehtiyac var: "Bununla bağlı qanunvericilikdə dəyişiklik edilib. Yəqin ki, bu dəyişiklikdən sonra yollar avtomagistral statusunu alacaq. Bilirsiniz ki, nəqliyyat vasitələrinin avtomagistrallarda dayanmasına və ya saxlanılmasına icazə verilmir. Ona görə də orada istirahət yerlərinin inşasına ehtiyac var".

Qeyd edək ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunun 1-ci maddəsinə bir sıra əlavə və dəyişikliklər təklif edilir. Qanunun 1-ci maddəsinə təklif olunan bəndə görə, "avtomagistralın hərəkət hissəsində nəqliyyat vasitəsinin dayanması və durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir".

Xatırladaq ki, 2014-cü ilin 11 ayı ərzində Azərbaycan yollarında 2429 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 1023 nəfər ölüb, 2452 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti