...

Məktəblərdə bədii kitab oxuyan şagirdlərin reytinqi müəyyən ediləcək

Cəmiyyət Materials 17 Dekabr 2014 17:24 (UTC +04:00)
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr verıb.
Məktəblərdə bədii kitab oxuyan şagirdlərin reytinqi müəyyən ediləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr verıb. Trend Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əmrdə qeyd edilir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.

Əmrdə qeyd edilib ki, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etməlidirlər. Əmrə əsasən, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanmalı, məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməli, bunlarda dərs ili ərzində bədii əsərlərin oxusunun və müzakirəsinin təşkil edilməldidir.

Müvafiq qurumlar məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməlidir. Şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilməli, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılmali, müvafiq təbliğat işləri həyata keçirilməlidir.

Müəssisələr məktəblərdə "Ən fəal oxucu", "Bədii əsər haqqında ən yaxşı inşa", "Bədii əsər barədə ən mükəmməl rəy" müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsini təmin etməlidirlər. Bununla yanaşı, məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqi müəyyən ediləcək və bu əsasda onların arasında sağlam rəqabət mühiti yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti