...

Azərbaycan vətəndaşlığına qəbul edilən şəxslər sədaqət andı içəcəklər

Cəmiyyət Materials 30 Dekabr 2014 13:41 (UTC +04:00)
Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslər Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacaqları barədə and içəcəklər.
Azərbaycan vətəndaşlığına qəbul edilən şəxslər sədaqət andı içəcəklər

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslər Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacaqları barədə and içəcəklər.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklər haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna əlavə edilən 15.1-ci yeni maddəyə görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir: "Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm".

Dəyişikliklərə əsasən, andiçmə təntənəli şəraitdə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

Qanuna təklif olunan dəyişikliklər müzakirələrdən sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti