...

Deputat: 23 fevral günü kişilər və ya kişilik bayramımızı əlimizdən almır

Cəmiyyət Materials 23 Fevral 2015 18:22 (UTC +04:00)
23 fevral - Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu.
Deputat: 23 fevral günü kişilər və ya kişilik bayramımızı əlimizdən almır

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

23 fevral - Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu. 23 fevral sovetizmi yaşayan, onun hərbi kultunu daxilində hiss edən hər kəs üçün doğmadır. Bu gün SSRİ adlı dövlətdə yaşamış əksər insanlar üçün inersiya ilə xəyallarda yaşayır. Həmin insanların əksəriyyətində bu gün assosiativ olaraq xatırlanır. Bəziləri isə hətta indi də həmin tarixi bayram kimi qeyd edirlər.

Bununla bağlı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Trend-ə açıqlamasında deyib ki, bu məsələyə münasibət heç də ideoloji deyil: "Çünki Sovet ordusunun böyük, tarixi, şanlı qələbələri də, eyni zamanda, onun Azərbaycan xalqı əleyhinə fəaliyyəti də var. Hər halda mən II Dünya müharibəsində SSRİ-nin qalib olduğunu bu gün mübahisə mövzusuna çevirən Qərb dünyası ilə eyni mövqeni paylaşmıram. Çünki bu halda biz ata-babalarımızın ruhu əleyhinə çıxmış oluruq. Bütün hallarda faşizm üzərində qələbəni bu gün yaradılmasının növbəti ildönümü olan Sovet ordusu əldə edib. Bu faktın əleyhinə çıxmaq və bununla qələbə platformasının guya Rusiyanın əlindən alındığını düşünmək absurddur və bütün keçmiş Sovet xalqlarını həmin Qərb dairələrinə qarşı qoyur".

Z.Oruc qeyd edib ki, bu tarixin nə bayram kimi qeyd edilməsinin təbliğ olunmasının, nə də buna qarşı çıxılmasının tərəfdarı deyil: "Şəxsən biz evimizdə Sovet ordusunun yaranmasını əlahiddə olaraq qeyd etmirik. Azərbaycan artıq müstəqil ölkədir. Özümüzün 26 iyun - Silahlı Qüvvələr Günümüz var. Hər birimiz həmin günü iftixarla qeyd edir, Azərbaycan Ordusunun olması ilə sevinir və onunla fəxr edirik. Lakin 23 fevral gününün qeyd edilməsi də Azərbaycanın Silahlı Qüvvələr Gününü, bizim kişilər və ya kişilik bayramımızı əlimizdən almır. Mən 23 fevralı Sovet ordusunun yaranması günü kimi bayram olaraq təbliğ etməyin, stimullaşdırmağın əleyhinəyəm. Eyni zamanda, həmin günü bayram kimi qeyd edənləri mühakimə, linç etməyi, onların müstəqil ordumuzun əleyhinə olmasında və ya sovetizmdə qalmaqda ittiham olunmasını qəbul etmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti