Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Qaradağ rayonu Ə.Kazımov adına 228 saylı tam orta məktəbdə Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriu ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə müəllim və şagird kollektivi, Bakı Şəhər Baş Təhsil İdarəsinin nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyətinin və Həmkarlar Komitəsinin nümayəndələri, Sahil qəsəbə məktəblərinin direktorları və qəsəbə ictimaiyyəti iştirak edib.
Qarşılama mərasimindən sonra xanım A.Qriqoriu və digər qonaqlar məktəblə tanış olublar. Sonra məktəbin akt zalında qonaq onun şərəfinə hazırlanmış ədəbi-bədii kompozisiyada iştirak edib.
Tədbiri açıq elan edən məktəbin direktoru hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərovun çıxışından sonra tədbirdə Azərbaycanın və Moldovanın milli rəqs, musiqi və şeir nümunələri ilə davam edib.
Xanım A.Qriqoriu ona ünvanlanan sualları cavablandırdıqdan sonra səmimi münasibətə görə təşəkkürünü belə ifadə edib: " Yerlə Göy "ən gözəl yer haradır?" - deyə mübahisə edərkən Ay ulduzları göstərdi, Yer isə Azərbaycanı".
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.