İran, Mazandaran, 14 aprel /Trend, müxbir Təmkin Cəfərov/
Azərbaycanlı jurnalistlər Mazandaranda xallı ceyranımızın bənzəri nəsli kəsilməkdə olan və İran Lanın nəsil artırması məqsədilə salınmış Dəşte-Naz qapalı qoruğunda olublar. İran lanı sarı-qızılı rəngdədir, belində və yan tərəflərində ağ xallar olur. Erkək Lanlar həcminə və buynuzlarına görə, dişi lanlardan seçilir. Erkək Lanların enli və uzun buynuzları olur. Bu heyvan ildə bir dəfə əsasən qış fəslində buynuzunu tökür və yenisi ilə əvəzləyir. İran Lanı Avropa Lanı ilə eyni tayfadan olsa da, bir az böyüklüyü ilə fərqlənir.
Dəşte-Naz qapalı qoruğun rəhbəri Behnam Hadinejad jurnalistlərə açıqlamasında bildirib ki, 1956-cı ildə BMT tərəfindən tamamilə məhv olması təhlükəsilə üzləşdiyindən bu heyvan növünün artırılması barədə qərar qəbul edilib. "Bu məqsədlə 1963-cü ildə Mazandaranda Dəşte-Naz milli parkı yaradılıb. O zaman BMT əməkdaşları və Alman mütəxəssislərinin əli ilə İranın Xuzestan əyalətinin Kərxə bölgəsindən 6 ədədi tapılaraq bu qoruğa gətirilib və 2 ədədi isə nəslinin artırılması məqsədilə Almaniyaya aparılıb".
O bildirib ki, indiyədək bu növ Lanların sayı artırılaraq 450-yə çatdırılıb və İranın digər bölgələrindəki milli parklara verilib. Hazırda bu parkda 40 yaxın İran Lanı mövcuddur. Elə bu gün onlardan biri yeni bala verib.
İran Lanı əsasən Mazandaran əyalətinin Dəşt Naz qoruğunda, Urmiya gölünün Kəbudan və Əşq adalarında, Fars əyalətində Pərişan qoruğunda mövcuddur. Bundan başqa İranın və dünyanın bir çox Bioloji Araşdırma mərkəzlərində bu növ heyvan saxlanılır.
İran Lanı 2013-cü ilin yay aylarına kimi Xuzestan əyalətinin Kərxə və Daz bölgəsində vəhşi təbiətin qoynunda az sayda olsa da yaşayıb. Lakin səbəbi bəlli olmayan xəstəliyə tutulan bu Lanların vəhşi təbiətdəki nəsli tamamilə məhv olub və hazırda yalnız bəlli İran ərazisində müxtəlif bölgələrdə qoruqlarda nəzarətdə saxlanılırlar.