Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda 2015-ci ilin yanvar-mart aylarında ümumi istifadədəki telefon şəbəkəsində istifadə olunan səsli trafikin həcmi 29,7 faiz azalıb. Bunu Trendə Rabitə və Yüksək Texnologiyalar Naziriliyindən bildiriblər.
Nazirliyin məlumatına əsasən, 2015-ci ilin birinci rübündə daxil olan trafikin həcmi ötən ilin anoloji göstəricisinə nisbətən 29,1 milyon dəqiqə azalaraq 68,7 milyon dəqiqə təşkil edib. Xaric olan trafikin həcmi birinci rübdə də 27,5 faiz (9.1 milyon dəqiqə) azalaraq 24 milyon dəqiqə təşkil edib.
Qeyd edilən göstəricinin enməsinə səbəb genişzolaqlı qoşulmaların sayının və internet-telefoniya xidmətinin populyarlaşmasının artması olub.
Nazirliyin məlumatına 2015-ci ilin I rübündə Azərbaycanda beynəlxalq internet-kanallarının tutumu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 32 faiz artaraq 330 giqabayta çatıb.
2015-ci il aprelin 1-nə olan məlumata əsasən, ölkədə internetə girişin səviyyəsi 75 faiz olub. Azərbaycan əhalisinin 62 faizi genişzolaqlı internet istifadəçiləridir.