...

AHİK ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib (FOTO)

Cəmiyyət Materials 7 May 2015 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev qeyd edib ki, Azərbaycan xalqının tarixinə və taleyinə qızıl səhifələr yazmış Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsi həqiqətən xalqımız üçün böyük uğur və xoşbəxtlik idi.

O, qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında qurulduğunu bir daha aydın görürük: "Ulu öndər dövlət müstəqilliyinin əsasını iqtisadi vəziyyətin kökündən yaxşılaşdırılmasında, respublikanın ən zəruri ərzaq və sənaye malları ilə özünü təmin etməsində, enerji təhlükəsizliyində, xarici siyasətdə yalnız Azərbaycanın mənafeyinə uyğun addımlar atılmasında görürdü".

S.Mehbalıyev vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dəfələrlə qeyd edən ümummilli lider bu müstəqilliyə xələl gətirə biləcək ən cüzi güzəşti belə qəbul etmirdi: "Ümummilli liderin respublikaya rəhbərlik etdiyi illəri müstəqil Azərbaycanın beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması illəri kimi səciyyələndirmək olar. Bu illərdə Azərbaycan Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in, MDB-nin, GUAM-ın, İƏT-in, YUNESCO-nun, ISESCO-nun və digər çoxsaylı təşkilatların tamhüquqlu üzvü və bəzi regional təşkilatların yaranmasının təşəbbüskarı olubdur. Buna GUAM-ı, TÜRKSOY-u və digər təşkilatları da misal göstərmək olar".

O bildirib ki, Heydər Əliyev beynəlxalq təşkilatların Azərbaycana yanlış münasibətinə, o cümlədən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına laqeyd yanaşmasına son dərəcə kəskin reaksiya verir, bunu beynəlxalq hüquq normalarının ən kobud şəkildə pozulması kimi qiymətləndirirdi: "Ulu öndər ikili standartlar siyasətinin ən qəti əleyhdarlarından biri idi və Azərbaycan torpaqlarının işğalına münasibətdə buna daha çox yol verilməsini həmişə kəskin tənqid edir və bu barədə ürək ağrısı ilə danışardı".

S.Mehbalıyev əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin əsas xidmətlərindən biri də o olubdur ki, Azərbaycan onun sayəsində bir çox böyük, qlobal iqtisadi layihələrə imza atıb, dünya iqtisadiyyatına inteqrasiya edibdir: "Azərbaycan iqtisadiyyatı ulu öndərin təşəbbüs və təklifləri ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin ("Əsrin müqaviləsi") müəllifinə və fəal iştirakçısına çevrilibdir. TRASEKA adlı proqramın həyata keçirilməsi Azərbaycanın sonrakı illərdə böyük tranzit ölkəyə çevrilməsində mühüm rol oynayıb. Bu proqram Böyük İpək yolunun bərpası üçün mühüm vasitə olubdur".

Çıxışının sonunda AHİK sədri bildirib ki, həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparıb, arzuladıqlarına, istədiklərinə nail olub.

Tədbirdə çıxış edən digər iştirakçılar da ulu öndər Heydər Əliyev haqqında öz ürək sözlərini bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti