...

Şəkidə nağara festivalı keçib (VİDEO)

Cəmiyyət Materials 23 Avqust 2015 15:54 (UTC +04:00)
Bir çox festivallara ev sahibliyi edən Şəkinin küçələrinə bu dəfə nağara səs-səda saldı.
Şəkidə nağara festivalı keçib (VİDEO)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Bir çox festivallara ev sahibliyi edən Şəkinin küçələrinə bu dəfə nağara səs-səda saldı.

Əksər festivalları özünəməxsus şəkildə qeyd edən Şəkidə nağara festivalı da öz qeyri adiliyi ilə diqqət çəkdi. Ötən il Şəki şəhər icra hakimiyyəti və Kanal S-in təşkilatçılığı ilə keçirilən yürüşün dadı damağında qalan sakinlər bu il daha möhtəşəm və yüksək səviyyədə təşkil olunan "Beynəlxalq zərb alətləri festivalı"nda həvəslə iştirak edirdi.

Nakam adına kitabxananın qarşısından start götürən "Ritm yürüşü" minlərlə sakinin müşayiəti ilə davam edib. Əllərində bayraq tutan yürüşçülər "Natiq" ritm qrupu və həvəskar nağaraçıların ifaları altında M.F. Axundzadə prospekti boyunca hərəkət ediblər.

Bu cür möhtəşəm festivalı qaçırmaq istəməyən və öz gözləri ilə görmək bu həyəcan yaşamaq həvəsində olan könüllülərin sayı isə durmadan artırdı. Yol uzandıqca insan kütləsi artır, yolboyu sakinlər dəstələrə qoşulmaqla yürüş iştirakçılarına mənəvi dəstək olurlar. Festivalı maraqlı edən cəhətlərdən biri isə nağaraçıların müxtəlif istiqamətlərdən yürüşə qoşulması idi. Maraqlı performansla çıxış edən nağaraçılar uzun yolu qısa vaxt ərzində qət etməklə Yaşıl teatrın arenasına daxil oldu. Bununla da yürüş başa çatdı və "Beynəlxalq zərb alətləri festivalı"nın açılış konserti başladı. Həyatının ən böyük arzusunu reallaşdıran Natiq Şirinov və Şəki Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov "ilk zərbə bizdən gələcək" şüarını reallaşdırdı.

Qafqazın ən böyük nağarasının sədaları altında festival açıq elan olundu. Səhnədə Özbəkistan təmsilçisi "Abbos" qrupu, İranın "Lian" qrupu, Türkiyəni təmsil edən "İstanbul Harem" qrupu və Azərbaycan təmsilçisi "Natiq ritm" qrupunun müxtəlif musiqi nömrələri tamaşaçılarda xoş təəssüratlar oyadırdı. Işıq effektləri ilə tandem təşkil edən nağara ritmləri Yaşıl teatrda ecazkar bir hava yaratmışdı.Bir nağıl kimi necə başlayıb bitdiyini belə hiss etmədiyimiz konsertdən sonra qonaqların da fikri bizim üçün önəmli idi. Axı bu cür festival Qafqazda ilk dəfədir təşkil olunur.

Diqqətimizi cəlb edən cəhət isə o oldu ki, qonaq ölkələrin hər biri bu cür festivalın ölkələrində də keçirilməsini arzulayır. Əlbəttə bu məqam bizi də qürurlandırdi.Natiq ritm qrupunun bədii rəhbəri Natiq Şirinov isə festivalın onun karyerasında müstəsna əhəmiyyətə malik olacağını bildirib.

Artıq festivallar şəhəri kimi tanınan Şəkiyə ritm festivalı da öz töhfəsini verdi. Bu isə regionların mədəni inkişafı yönündə atılmış növbəti addım oldu. Qeyd edək ki, avqustun 26-da başa çatacaq festivalın informasıya dəstəyi və eksklüziv çəkiliş hüququ "Kanal S"ə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti