...

Ey hörmətli müəllim...

Cəmiyyət Materials 5 Oktyabr 2015 16:52 (UTC +04:00)
Son illər məişət insanların başını elə qatıb ki, dədə-babadan bizə miras qalan böyüyə hörmət, kiçiyə diqqət məsələləri bir qədər arxa plana keçib.
Ey hörmətli müəllim...

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorunun məsləhətçisi Ramilə Qurbanlı

Son illər məişət insanların başını elə qatıb ki, dədə-babadan bizə miras qalan böyüyə hörmət, kiçiyə diqqət məsələləri bir qədər arxa plana keçib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin, xüsusən yeniyetmə və gənclərin maariflənməsinə yönəlmiş layihələrlə yanaşı, onlarda insanlığa - yaşlılara və azyaşlılara qayğı, diqqət göstərməyi aşılayan tədbirlər də həyat keçirir. Bu dəfə, müəllim günündə fondun diqqət mərkəzində yaşlı müəllimlər oldu.

Hər şey əvvəlki kimidir orda, ancaq rəhmətə gedənlər, yeni gələnlər var. Talelər həminkidir, ilk baxışdan maraqlı, həm də çox qəribə və olduqca kədərli.

Söhbət Bilgəhdəki qocalar evindən gedir. Yox, düzgün ifadə etmədim, ora qocalar evi deyil, "Əmək və müharibə veteranları üçün pansionat"dır. Ahıllar özləri belə deyirlər, onların ürəyinə belə yatır. "Qocalar evi" ifadəsi qəlblərinə dəyir, heysiyyatlarına toxunur. Biz onların qəlbinə dəyməyə deyil, könüllərini oxşamağa, diqqət göstərməyə getmişdik, odur ki, söhbət Bilgəhdəki "Əmək və müharibə veteranları üçün pansionat"dan gedir - deyək.

Qəribə bir halı müşahidə elədim; köhnə sakinlər gələnə-gedənə qarşı bir qədər soyuqqanlı yanaşır, bəziləri heç yanaşmır, öz aləmində olur, amma təzə gələnlər dərhal maşına tərəf boylanır, gələnlərin kimliyi, hardan təşrif gətirmələri ilə maraqlanırlar. Zatən, təzə olduqları da elə bu tövrlərindən bəlli olur.

Bilik Fondunun "Fikir şənbəsi" klubunun növbəti tədbirinin onların pansionatında yaşayan müəllimlərə həsr olunduğunu eşidəndə isə hamısı ətrafımıza toplaşdı.

Ahıllarla tanış olduq, qayğıları, problemləri ilə maraqlandıq, dərdləşdik onlarla. Bəziləri əlimizdən tutub bizi öz otaqlarına apardılar. Baxın, - dedilər, yaşayışımız pis deyil, heç kimin bizə yazığı gəlməsin, amma hərdən bizə qonaq gəlin, ehtiyacımız diqqətədir. Sonuncu cümləni 40 ilin müəlliməsi Cavadova Svetlana söylədi. İbtidai sinif müəlliməsi olub, elə sevinclə danışdı ki, dünən keçmiş kollektivi və şagirdləri onun görüşünə gəliblərmiş. Deyir bir qızım var, ailəlidir, mən yeznə yanında qala bilmədiyim üçün burdayam. Svetlana müəllimə əlil arabasında hərəkət etməsinə rəğmən, pansionatı bizimlə gəzib müəllimələrlə tanış etdi. 13 müəllim var bu pansionatda, müxtəlif fənnlərdən ayrı-ayrı məktəblərdə dərs deyiblər.

Bilik Fondu "Fikir şənbəsi" klubu ətrafında həmin müəllimləri topladı. Söhbətdən sonra müəllimlərə fondun məxsusi onlar üçün hazırladığı hədiyyələri təqdim etdik.

Bundan əlavə, pansionatın kitabxanasını zənginləşdirən Bilik Fondu, ahıllara kiril və latın əlifbası ilə yazılmış 150 adda kitab bağışladı. Xüsusən müəllimlər kitab hədiyyəsindən məmnun qaldılar. Dedilər, boş vaxtlarımızı kitabla keçirmək bizə daha maraqlıdır. Xətai rayonundakı 171 saylı məktəbdə müəllimə işləmiş Xanım Məmmədova kitablar arasında Əliağa Vahidin qəzəllərini axtardı və bizdən xahiş etdi ki, növbəti dəfə həmin kitabı onun üçün gətirək. Bir də gənc yazarlarla görüşmək istədiyini dilə gətirdi müəllimə. Söz verdik ki, növbəti dəfələrdən birində Bilik Fondunun "Fikir şənbəsi" klubunu yenidən burda təşkil etməklə Xanım müəllimənin arzusunu həyata keçirək.

Ahıllardan bəziləri burda öz xoşbəxtliklərinə qovuşublar - Riqa Rəssamlıq Akademiyasının məzunu Davud Əliyev keçmiş baxça müəlliməsi ilə evlənib. Deyir başım rəssamlığa elə qarışıb ki, ailə qurmamışam: "Rəssam evləndisə, çəkə bilmir, məişət onu məhv edir. İndi daha 70-i keçmişəm, bu yaşda nə sevgi, nə övlad həvəsi... Biz bir-birisi ilə söhbəti tutan iki qulaq yoldaşıyıq. Çox qayğıkeş, mələk kimi qadındır, bəlkə gəncliyimdə qarşıma çıxsaydı, rəssamlığı ona qurban verərdim" - deyir.

Məhərrəmova Ellada Tibb Kolecində ingilis dilindən dərs deyib, indi burdadır.

Quluzadə Məlakə sinif müəlliməsi olub. Aralarında baxça müəlliməsi də var, universitet dosenti də. Hamısını eyni tale bura gətirib. Gənclər yaşlıların qayğısına qalmağa vaxt tapmır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun müəllim günündə ahıllar evində yaşayan müəllimləri təbrik etməsi, onlara diqqət göstərməsi həm də gəncləri valideynlərinə, böyüklərinə qarşı daha həssas, qayğıkeş yanaşmağa çağırmaqdır.

Tədbirimiz sonda yalnız müəllimlərlə deyil, ordakı bütün ahəllarla çay süfrəsi arxasında davam etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti