...

ATU-nun qabaqcıl müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2015 11:05 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunub.
ATU-nun qabaqcıl müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Azərbaycan Texnologiya Universitetində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən universitetin rektoru professor Akif Süleymanov ulu öndər Heydər Əliyevin müəllimlərə verdiyi dəyərdən, bununla bağlı səsləndirdiyi ibrətamiz məsəllərdən danışıb.

ATU-nun 240 nəfərlik professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən rektor qeyd edib ki, müəllimlik cəmiyyətimizdə ən çox rəğbət bəslənən peşələrdəndir.

Bunun nəticəsidir ki, insanlar hörmətlə yanaşdığı şəxslərə məhz "müəllim" deyə müraciət edirlər. Professor Akif Süleymanov hər bir müəllimi pedaqoji işə, günün tələblərinə uyğun kadr hazırlanması prosesinə maksimum diqqət və enerji ilə yanaşmağa, aparılan islahatlara dəstək olaraq ATU-ni lider ali təhsil ocağına çevirməyə çağırıb. O, qeyd edib ki, hər bir müəllimin əsas vəzifələrindən biri də çalışdığı təhsil ocağını qorumaq və inkişaf etdirmək olmalıdır.

Sonra rektor ATU-nun professor-müəllim heyətindən 5 nəfərə təşəkkür plaketi, 9 nəfərə isə fəxri fərman təqdim edib. Akif Süleymanov qeyd edib ki, bu, mükafatlandırılan şəxslərin timsalında universitetin hər bir müəlliminə və bütövlükdə tədris prosesinə verilən qiymət kimi başa düşülməlidir.

Daha sonra universitetin qocaman müəllimlərindən professorlar Tofiq Qocayev və Ələmdar Əlbəndov çıxış edərək əməyi olanlara verilən qiymətə görə rəhbərliyə təşəkkür edib, hər kəsi atılan addımlarda, həyata keçirilən islahatlarda vahid komanda şəklində iştirak etməyə çağırıblar.

Sonda rektor Akif Süleymanov bir daha qeyd edib ki, hər bir müəllim bu sahədə çalışması ilə fəxr etməli, müasir Azərbaycanın gələcəyi olan gənclərin bir insan, vətəndaş və mütəxəssis kimi yetişdirilməsi işinə hörmət və vicdanla yanaşmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti