...

DSMF Naftalanda “Açıq qapı günü” - regional vətəndaş forumu keçirib

Cəmiyyət Materials 6 Noyabr 2015 12:59 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Naftalan şəhərində “Vətəndaş müraciətləri ilə iş” mövzusunda “Açıq qapı günü” - regional vətəndaş forumu keçirib.
DSMF Naftalanda “Açıq qapı günü” - regional vətəndaş forumu keçirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Naftalan şəhərində "Vətəndaş müraciətləri ilə iş" mövzusunda "Açıq qapı günü" - regional vətəndaş forumu keçirib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, noyabrın 6-da Naftalan şəhərində "Vətəndaş müraciətləri ilə iş" mövzusunda regional "Açıq qapı günü" - vətəndaş forumu keçirib. Tədbirdə Naftalan şəhərindən və Goranboy, Xocalı, Tərtər, Bərdə rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Diskussiya şəraitində davam etdirilən forumda Fondun şöbə müdiri Famil Qədimov iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirərək qeyd edib ki, dövlət başçısının 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"ya əsasən ölkədə "elektron hökumət"in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir.

Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb. 2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, "Elektron hökümət" portalı və "Hökumət Ödəniş Portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

F.Qədimov vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasının üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli "Çağrı Mərkəzi" vasitəsi ilə reallaşdırıldığını diqqətə çatdırıb: "Son təkmilləşdirilmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi aprel ayından xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərir. Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir."

Forumda o da diqqətə çatdırılıb ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiqlənən "2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası"nın çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.

Fondun əməkdaşı Azəri Məmmədov təqdimatla çıxış edərək, tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıb.
Dövlət Sosial Müdafiə Fondunun digər əməkdaşı Elnur İbrahimovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən "Açıq qapı günü" -regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti