Bakı. Elmir Murad - Trend:
Bu gün səhər dolların məzənnəsinin bahalaşması bəzi işbazlara yeni "fürsətlər" yaradıb. Devalvasiyanın baş verməsini fürsət bilən bəzi mağaza, market sahibləri satışda olan məhsulların qiymətlərinin qaldırılması məqsədilə bu gün səhər saatlarından mağazaları alıcıların üzünə bağlayıblar.
Metronun "Elmlər Akademiyası" stansiyasının ətrafında fəaliyyət göstərən bir neçə mağaza bu gün səhər saatlarından bağlanıb.
Bağlanan mağazaların ərazidəki satıcıları Trend-ə bildiriblər ki, marketlərin fəaliyyətinin dayandırılması ilə bağlı tapşırıq rəhbərlik tərəfindən verilib: "Dolların məzənnəsinin bahalaşmasından sonra dərhal rəhbərlik zəng edərək bildirib ki, satışı dayandırın. Mağazanın nə vaxt yenidən fəaliyyətə başlayacağını hələ dəqiq bilmirik".
Bağlanan digər bir mağazanın satıcısı da satışın dayandırılmasının dolların bahalaşması ilə əlaqəli olduğunu bildirib: "Dolların bahalaşma xəbərini eşidən kimi satışı dayandırdıq. Belə sərf etmir. Dollar bahalaşandan sonra yəqin ki, qiymətlərə yenidən baxılacaq".
Metronun "Elmlər Akademiyası" stansiyası ətrafında bir neçə mağazanın bağlanması ətrafdakı digər dükanlarda alıcı sıxlığı yaradıb. İnsanlar istədikləri məhsulu almaq üçün növbəyə dayanmalı olurlar.
Diqqət çəkən başqa fakt isə budur ki, bəzi mağazalarda siqaretin satışı dayandırılıb. Siqaret almağa gələn alıcılar əliboş qayıdırlar. Satıcılar siqaretin satışının dayandırılmasının səbəbini izah etməkdə çətinlik çəkirlər.