Bakı. Trend:
Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 26-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbir açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin "Kriminalistika və məhkəmə ekspertizası" kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ona görə də bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bildirilib ki, 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən çox səthi aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində "cinayət tərkibi olmaması" qənaətinə gəlinərək, 22 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib və cinayət işinin materialları Moskvaya aparılıb. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək, yenidən cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.
Qeyd olunub ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb.
Mərasimdə çıxış edən Vergilər Nazirliyinin əməkdaşları 20 Yanvar faciəsinin səbəbləri, onun xalqımızın tarixində yeri və rolundan danışıblar. Tədbirdə xüsusilə vurğulanıb ki, Azərbaycan xalqı 20 yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret tədbirlər həyata keçirir, onlara lazımi diqqət və qayğı göstərir.
Qeyd olunub ki, xalqımızın milli birliyini gücləndirmiş, Azərbaycan tarixinin faciəvi, eyni zamanda şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq.