...

Müdafiə Nazirliyinin hərbi həkimləri ABŞ-da keçirilən konfransda iştirak ediblər

Cəmiyyət Materials 18 Fevral 2016 12:50 (UTC +04:00)
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri ABŞ-ın Arlinqton şəhərində keçirilən Amerika mikrobiologiya elmi cəmiyyətinin (ASM) biomüdafiə məsələlərinə və yeni yoluxucu xəstəliklərin tədqiqatına dair illik konfransında iştirak ediblər.
Müdafiə Nazirliyinin hərbi həkimləri ABŞ-da keçirilən konfransda iştirak ediblər

Bakı. Trend:

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri ABŞ-ın Arlinqton şəhərində keçirilən Amerika mikrobiologiya elmi cəmiyyətinin (ASM) biomüdafiə məsələlərinə və yeni yoluxucu xəstəliklərin tədqiqatına dair illik konfransında iştirak ediblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Konfransda Azərbaycanla yanaşı 50-dən çox - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Belçika, Hindistan, Koreya Respublikası, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələrdən olan nümayəndə heyətləri iştirak ediblər.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndələri tibb xidməti mayorları Surxay Məmmədov və Namiq Hüseynovun iştirak etdiyi konfransda biotəhlükəsizlik məsələlərinə, eləcə də tibbə yeni məlum olan xəstəliklərə dair tədqiqatların nəticələrinə dair ətraflı müzakirələr aparılıb.

Hazırda dünyada artan bioterrorizm təhlükəsi ilə əlaqədar biomüdafiə və biotəhlükəsizlik məsələləri sahəsində perspektiv istiqamətlərin müəyyənləşdirilməsinə dair konfransda məruzələr dinlənilib, müxtəlif mütəxəssis və ekspertlər bəşəriyyətin Ebola, Lassa, Marburq, Zika virusları kimi qlobal bioloji təhlükədən qorunması yolları ilə bağlı fikirlərini bölüşüblər.

Bundan əlavə, bakterioloji (bioloji) silahın tətbiqi imkanları, bəşəriyyətin bu bəladan qorunması, ümumiyyətlə bioloji silah kimi istifadə olunması ehtimal edilən patogenlərin dünyada yayılma arealı müzakirə olunub. Alimlərin apardıqları bir sıra tədqiqatların nəticələri nümayiş edilib, epidemioloqlar, mikrobioloqlar və infeksionistlər isə təcrübələri ilə bölüşüblər.

Konfrans çərçivəsində ölkəmizi təmsil edən nümayəndələr bir çox mütəxəssislərlə görüşlər keçirib, naməlum mənşəli qızdırmalı xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti