Bakı. Trend:
Xocalı qurbanlarının xatirəsi Ukraynanın Poltava şəhərində yad olunub.
Poltava Milli İqtisadiyyat və Ticarət Universitetində keçirilən tədbirdə Poltava şəhər meriyasının nümayəndələri, deputatlar, jurnalistlər, tələbələr və diaspor təmsilçiləri iştirak ediblər. Anım mərasimində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, keçən əsrin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycanda kütləvi qırğınlar törətmələri,1988-ci ildən 2003-cü ilədək Dağlıq Qarabağ və Azərbaycanın bir sıra rayonlarında amansız soyqırım və işğlçılıq siyasəti həyata keçirmələrindən bəhs edib. 24 il bundan öncə işğalçı Ermənistan ordusunun Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşilikləri bəşər tarixinin ən amansız soyqırım siyasəti adlandırıb. Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin əsl erməni simasının ifşa olunmasında müstəsna rol oynadığını bildirib.
Sonra anım mərasiminə qatılanlar Trend İnformasiya Agentliyi tərəfindən çəkilmiş "Sözün bitdiyi zaman" sənədli filminə baxmaqla ermənilərin insanlığa yönəlik bəşəri cinayətləri ilə tanış olublar.
Mərasimdə Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru Aleksey Nestulya, professor Yaşar Alxasov və digər şəxslər çıxış edərək, beynəlxalq təşkilatları və dünya birliyinin indiyədək Xocalı soyqırımına hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Belə bir dəhşətli faciəni tək Azərbaycan xalqının deyil, ümumilikdə bütün bəşəriyyətin faciəsi adlandıran A.Nestulya 24 il bundan öncə Xocalıda baş vermiş faciəni insanlığa yönəlik bəşəri cinayət kimi xarakterizə edib. O vurğulayıb ki, beynəlxalq təşkilatlar və dünya birliyi belə bir bəşəri cinayətə göz yummaqla dünyada yeni faciələrin tüğyan etməsinə rəvac veriblər: "Əminəm ki, Xocalı faciəsini törədənlər öz layiqli cəzalarını alacaqlar. Çünki bu, adi faciə deyil. Bu, bir millətə qarşı əvvəlcədən düşünülmüş əsl soyqırım siyasətidir".
KİV nümayəndələrinin də iştirak etdiyi anım mərasimində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.