Bakı. Trend:
Azərbaycanın yarışların təşkilinə yanaşması hazırda bütün gimnastika dünyasına lazım olan məsələdir. Bunu Trend-ə Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin üzvü Erik Moqensen deyib.
O bildirib ki, idman gimnastikası üzrə Dünya Kuboku və batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıq zamanı gördüklərim çox peşəkar təşkilati işdir.
E.Moqensenin sözlərinə görə, ötən ilin iyununda Azərbaycanda Avropa Oyunlarında olub: "Oyunlar möhtəşəm təcrübə idi. Hesab edirəm ki, Azərbaycan Avropa Oyunlarının təşkili üzrə çox gözəl iş gördü".
O əlavə edib ki, Azərbaycanın gimnastikanın müxtəlif növləri üzrə dünya çempionatlarını qəbul etməsində heç bir problem görmür: "Hesab edirəm ki, burada yarışların təşkilinə tətbiq edilən yanaşma hazırda gimnastika dünyasına lazım olan məsələdir. Daha çox federasiya və ölkə belə yanaşmanı tətbiq etməlidir".
E.Moqensen Azərbaycanda gimnastikanın inkişafının potensialını yüksək adlandırıb: "Burada da Avropanın digər ölkələrində olan analoji çağırışlar mövcuddur. Lakin hesab edirəm ki, Azərbaycan Gimnastika Federasiyasında çox gözəl komanda işləyir və onun düzgün yanaşması var. Gələcəkdə Azərbaycandan gimnastika üzrə olimpiya çempionlarını görmək çox əla olardı. Mən qeyri-adi potensiala malik kiçik uşaqları gördüm".
Onun sözlərinə görə, Bakıdakı Milli Gimnastika Arenası dünyada bu növdə olan ən yaxşı qurğulardan biridir: "Mən 12 il UEG-in batut gimnastikası üzrə Texniki Komitəsinin prezidenti olmuşam, 15 ildən artıq müxtəlif idman yarışlarının təşkilində işləyirəm və deyə bilərəm ki, Bakıdakı Milli Gimnastika Arenası gördüklərimin ən yaxşılarından biridir. Bütün bunun bir hissəsi olmaq çox əladır".